16 İyul 2018 11:23
2 879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinən Firuz Nəsiblinin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Sumqayıt Apelyasiya Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları, daha sonra apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Firuz Nəsibli 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, şikayətində cəzasının yüngülləşdirilməsini xahiş edib.

İttihama görə, 2017-ci il, noyabrın 9-da Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 78A, mənzil 19-da 58 yaşlı Nuridə Həsənova qətlə yetirilib.

“JEK” işçisi olan Nuridə Həsənovanı 2014-cü ildən etibarən tanıyan, mütəmadi onunla yaxın münasibət quran Firuz Nəsibli qadının külli miqdarda pulu olduğunu zənn edib. O, qadını öldürərək pullarını ələ keçirməyi planlaşdırıb.

Hadisə baş verən gün Firuz Nuridə Həsənovanın mobil telefonuna zəng vuraraq, görüşmək istədiyini deyib. Qadının yaşadığı mənzilə gələn Firuz Nəsibli qadına çoxsaylı bıçaq zərbələri endirib.

Qadının öldüyünə əmin olduqdan sonra otaqların altını-üstünə çevirib, amma heç nə tapa bilməyib.

Təqsirləndirilən Firuz Nəsibli “Topaz” oyunlarında iştirak edən şəxslər üçün bilet doldurmaqla gündəlik çörəkpulu qazanıb.

“JEK”də işləyən Nuridə Həsənova ilə tanışlığı dörd il öncəyə təsadüf edib.

Belə ki, Zemfira adlı qadınla yaxınlıq edən Firuz ilk dəfə Nuridəni də elə həmin qadının evində görüb. Tanışlıq zamanı Firuza “istədiyin vaxt qonağım ola bilərsən” deyib, ona telefon nömrəsini verib, evdə adam olmayanda qəbul edəcəyini söyləyib.

Bundan sonra Firuz Nuridəyə beş-on gündən sonra zəng vurub, Nuridə evində pul müqabilində onunla görüşüb.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Nuridə hərdən ona telefonla müxtəlif qadınların şəkillərini atıb: “Mən də onlardan bəyəndiklərimlə yaxınlıq edirdim. Həmin qadınların əksəriyyətinin 25-30 yaşları vardı, müxtəlif peşə sahibləri idi, aralarında evdar qadınlar da vardı”.

Firuz Nəsibli qeyd edib ki, son zamanlar maddi sıxıntı içərisində olduğundan pul qazanmaq üçün müxtəlif yollar axtarıb.

Nuridənin hər gün xidmət etdiyi ərazinin sakinlərindən pul topladığını, həmçinin müxtəlif qadınlara intim xidmət üçün şərait yaratdığını bilən Firuz qadını öldürüb və pullarını ələ keçirməyi, sonra isə izi itirmək üçün ölkəni tərk etməyi planlaşdırıb.

Firuz Nəsibli törətdiyi cinayətin izini itirmək üçün ölkədən qaçmağı qərara alsa da, buna nail ola bilməyib. Hadisədən səkkiz gün sonra o, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İlkin dindirmə zamanı Firuz Nəsibli törətdiyi cinayəti etiraf edib.

İstintaq orqanı tərəfindən Firuz Nəsiblinin barəsində Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər