“Cari ilin 6 ayı ərzində polis şöbəsində 150 cinayət hadisəsi qeydə alınıb. Onlardan 137-nin açılması təmin edilib”.
Teleqraf.com xəbər verir ki, bu barədə Bərdə rayon polis şöbəsində keçirilən hesabat iclasında bildirilib.
Eyni zamanda qeyri-aşkar şəraitdə qeydə alınmış 68 cinayət hadisəsindən 65-nin üstünün açılması təmin edilib.
Peşəkarlıqla və “isti izlərlə” aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 2018-ci ilin 6 ayı ərzində 31 nəfərdən ibarət olmaqla 13 cinayətkar dəstə zərərsizləşdirilib.
Cinayətkar dəstələr tərəfindən törədilmiş mülkiyyət əleyhinə 17, 1 özbaşınalıq, 1 xuliqanlıq olmaqla ümumlikdə 19 faktın açılması təmin edilib.
2018-ci ilin birinci yarısında 39 nəfər təqsirləndirilən şəxsdən 30 nəfəri saxlanılaraq istintaqa, 11 nəfər itkin düşənlərdən isə 8-i tapılaraq ailə üzvlərinə təhvil verilib.
Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi istiqamətində qətiyyətli tədbirlər həyata keçirilib.
Belə ki, cari ilin 6 ayı ərzində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 25 fakt aşkar edilib, onlardan 13 fakt qanunsuz saxlama, 9 fakt satış, 3 fakt isə narkotik vasitələrin qanunsuz becərilməsi ilə bağlı olub.
Ümumilikdə 4 kiloqramdan yuxarı narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.