Bakıda işdən çıxarılan mühafizəçi bağ evinin sahiblərinə hücum edib. Qəzəblənən mühafizəçi ər və arvada bıçaqla ağır xəsarətlər yetirib. Çoxlu qan itirən qadın elə yerindəcə dünyasını dəyişib.
Dəhşətli qətl hadisəsi paytaxtın Şüvəlan qəsəbəsi, 525 saylı bağ evində qeydə alınıb. Həmin bağ evində mühafizəçi işləyən İlqar Xancanov bağ evinin sahibi Arzu Şuşalını və onun həyat yoldaşı Dilarə Əhmədovanı bıçaqlayıb. Qadın aldığı xəsarətdən hadisə yerindəcə ölüb.
Hadisəni törədən şəxs izi itirmək üçün əri avtomobilə mindirib, qadının meyitini də maşına qoyub. Çox keçməyib ki, həmin avtomobili polis əməkdaşı saxlayıb.
Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin 6-cı tağımının əməkdaşları Mərdəkan qəsəbəsində xidmətdə olarkən "Range Rover" markalı avtomobilin sürücüsünün özünü şübhəli aparması onların diqqətini çəkib. Yol polisi əməkdaşları maşına "saxla" əmri veriblər, lakin sürücü hərəkəti davam etdirib. Yaradılan süni tıxacın köməyi ilə maşını saxlamaq mümkün olub.
Avtomobilə yaxınlaşan polis əməkdaşları dəhşətli səhnənin şahidi olublar. Maşında qan içində iki nəfərin olduğu aşkarlanıb. Dərhal sürücü saxlanılıb. Maşında olan qadının öldüyü müəyyən edilib. Ağır vəziyyətdə olan 72 yaşlı Arzu Şuşalı isə xəstəxanaya çatdırılıb.
Araşdırmalar zamanı məlum olub ki, Arzu Şuşalını ağır yaralayıb həyat yoldaşını qətlə yetirən onların bağ evlərində işləyən mühafizəçi İlqar Xancanovdur. Onun əvvəllər də məhkumluq həyatı yaşadığı bildirlir.
Faktla əlaqədar Xəzər rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: