Dələduzluqda təqsirli bilinən Məhəmməd Qafarov, Leyla İsmayılova, Ülviyyə Abdalova və Eldar Salayevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.
O, Eldar Salayevin 6 il 6 ay, Məhəmməd Qafarovun 7 il, Leyla İsmayovanın 6 il, Ülviyyə Abdalovanın 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Prokuror zamində olan təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbirinin seçilməsini və məhkəmə zalından həbs edilməsini də tələb edib.
Növbəti proses iyulun 26-da davam edəcək.
İttihama görə, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyitərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciəti əsasında “579 SSA” MMC özəl müəssisəsinin vəzifəli şəxslərinin Agentliyin adından qanunsuz istifadə edərək dələduz hərəkətləri ilə bağlı araşdırma aparılıb.
Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində MMC-nin təsisçisi Eldar Salayev və şirkətin direktoru vəzifəsində işləyən Məhəmməd Qafarovun qabaqcadan əlbir olaraq öz qulluq mövqelərindən istifadə etməklə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən tikilən binalarda mənzil satışını həyata keçirmək səlahiyyətləri olmadığına baxmayaraq, Bakı şəhər sakini Samir Məmmədova (ad, soyad şərtidir) sosial mənzil alınmasında köməklik göstərəcəklərini yalandan vəd ediblər.
İlkin ödəniş adı altında həmin vətəndaşın 5 min manat məbləğində pulunu ələ keçirmələrində, həmçinin cinayəti gizlətmək məqsədilə özləri tərəfindən təsdiq edilib və məzmununa bilə-bilə yalan məlumatları daxil etdikləri mənzil alqı-satqısına dair rəsmi sənədləri ona verməklə vəzifə saxtakarlığı etmələrində şübhələr yaranıb.
Bununla yanaşı, cinayət işinin istintaqı zamanı və həyata keçirilən operativ əməliyyat-axtarış tədbirləri ilə həmin vəzifəli şəxslər tərəfindən güzəştli şərtlərlə sosial mənzillərin satılması adı altında digər 25 nəfər vətəndaşın da əmlaklarının ələ keçirilməsi faktları müəyyən olunub.
Məhəmməd Qafarov, Leyla İsmayılova, Ülviyyə Abdalova və Eldar Salayevin barəsində Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.3 (dələduzluq qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
Qeyd edək ki, Eldar Salayev Daxili İşlər Nazirliyinin sabiq polkovniki olub.