Bərdə rayonu İcra Hakimiyyətinin sabiq işçisinin qətlini sifariş verməkdə təqsirli bilinərək həbs edilən Günel Süleymanovanın daha bir dələduzluq cinayəti üzə çıxıb.
Teleqraf.com xəbər verir ki, Günel Süleymanova Ağdaş rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham olunub.
Məhkəmə sənədlərinə görə, Günel Süleymanova 26 mаrt 2016-cı il tаrixdə Аğdаş şəhəri, H.Əliyev prоspekti, 67 sаylı yаtаqxаnаdа məskunlаşmış, Аğdаm rаyоnundаn оlаn məcburi köçkün Qətibə Əzizоvаnı aldadıb.
O, Qətibə Əzizovanın həbsdə оlаn həyаt yоldаşı Cümşüd Əzizоvu həbsdən çıxаrmаq аdı ilə 9 min mаnаt alıb.
Ağdaş rayon Məhkəməsinin hökmü ilə Günel Süleymanova 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 may 2017-ci il tarixli hökmü hazırkı hökmlə birləşdirilib, qəti olaraq Günel Süleymanovanın barəsində 17 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.
Günel Süleymanovanın cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi qərara alınıb.
Hökmdən narazı qalan Günel Süleymanova apelyasiya şikayəti verib. O, barəsində yüngül cəza təyin edilməsini xahiş edib.
Günel Süleymanovanın şikayəti Şəki Apelyasiya Məhkəməsində hakim Rəfail Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Günel Süleymanovanın apelyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, 2017-ci ildə Günel Süleymanova Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunub. Onun eyni müttəhimlər kürsüsündə atası Rasim Süleymanov, cinayəti icra edənlər - Ramil Hüseynli, Ramin Həsənov və Əlikubar Kübarov əyləşiblər.
Günel Süleymanova həmin dövrdə Cinayət Məcəlləsinin 29,120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29.120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə),186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham edilib.
Digər təqsirləndirilən şəxslər də qəsdən adam öldürməyə cəhd və dələduzluq ittihamları ilə mühakimə olunublar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramil Hüseynli və Günel Süleymanlının hər biri 16 il, Rasim Süleymanov 8 il, Ramin Həsənov 7 il, Əlikubar Kübarov isə 1 il 6 ay müddətinə azadlıqda məhrum edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən görünür ki, 2016-cı il aprelin 11-də, saat 05.30-da Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, 3 saylı binanın qarşısında 1973-cü il təvəllüdlü Hüseyn Qasımova odlu silahla xəsarət yetirilib.
Müəyyən edilib ki, aprelin 9-da 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ramil Hüseynli tanışı Günel Süleymanova ilə qabaqcaqdan əlbir olub Hüseyn Qasımovu 40.000 manat müqabilində öldürmək barədə razılığa gəlib.
Aprelin 11-də Hüseyn Qasımov binadan çıxaraq avtomobilinə oturmaq istəyib. Bu zaman Ramil Hüseynli “Kalaşnikov” markalı avtomat silahdan Hüseyn Qasımova bir neçə atəş açıb. O, qətl sifarişini başa çatdıra bilməyib. Daban nahiyəsindən güllə yarası alan Hüseyn Qasımov xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.
Bundan başqa, Günel Süleymanova atası Rasim Süleymanovla qabaqcadan əlbir olaraq Hüseyn Qasımovun etibarından sui-istifadə edib, sonuncunun oğlu Orxan Xəlillinin həbsdən azad olunmasına köməklik göstərəcəyini vəd edərək külli miqdarda pulunu ələ keçiriblər.
Ramil Hüseynli, Ramin Həsənov və Əlikubar Kübarovun daha bir cinayəti “AS Club” barında olub. Onlar barın sahibini döyüblər.
Keçirilmiş əməliyyat nəticəsində Ramil Hüseynlinin kirayədə yaşadığı evdən 1 ədəd “AKM” markalı avtomat silah və içində 22 ədəd patron olan daraq aşkar edilərək maddi sübut kimi götürülüb.
Həmin dövrdə məhkəmədə ifadə verən Günel Süleymanova qeyd edib ki, zərərçəkmiş Hüseyn Qasımovu öldürmək fikri olmayıb, onun qətlə yetirilməsi ilə bağlı Ramil Hüseynliyə sifariş verməyib: “Məqsədim Hüseyn Qasımovu cəzalandırmaq olub”.
Günel Süleymanovanın sözlərinə görə, Hüseyn Qasımovu döyərək qorxutmağı Ramil Hüseynliyə tapşırıb: “Hüseyn mənimlə zorla cinsi əlaqədə olmuşdu. O, bu hərəkətlərini videoya çəkmişdi. Ondan video-diski almaq istəmişəm”.
Bundan başqa, Günel Süleymanovanın barəsində Sabunçu rayon Məhkəməsində başqa bir cinayət işi üzrə araşdırma aparılır.
Bakı İstintaq Təcridxanasında saxlanılan Günel Süleymanova rejim qaydalarını pozmaqda təqsirli bilinir.
Ona qarşı Cinayət Məcəlləsinin 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi) maddəsi ilə ittiham verilib.
İttihama görə, Günel Süleymanova təcridxanada telefon və telefon danışıq kartları saxlamaqda günahlanıdırılır. Onun barəsində toplanmış cinayət işi üzrə material Sabunçu rayon Məhkəməsinə göndərilib.
İşə hakim Süleyman Ağayev baxır. Artıq məhkəmə istintaqı başlanıb.