Bakıda qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə ittiham olunan 17 yaşlı Aytən Abbasovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Aytən Abbasova barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 1 il sınaq müddəti təyin edilib.
Məhkəmə hökmü elan edərkən, onun zərərçəkmiş şəxslə barışmasını, hadisəni törədərkən yetkinlik yaşına çatmadığını nəzərə alıb.
İttihama görə, qanlı cinayət hadisəsi Yasamal rayonu ərazisində baş verib. Bakı şəhər sakini Məryəm Hüseynova həmyerlisi Aytən Abbasova ilə dava edib. İki qadının davası sonradan əlbəyaxaya çevrilib.
Dava zamanı Aytən Abbasova Məryəm Hüseynovaya bir neçə bıçaq zərbəsi vurub, sonra da hadisə yerindən qaçıb.
Ağır yaralanan Məryəm Hüseynova xəstəxanaya yerləşdirilib.
Hadisəni törətmiş Aytən Abbasova Yasamal rayon Polis İdarəsi 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
İstintaq orqanı tərəfindən Aytən Abbasovanın barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.