Gəncə şəhərində oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, iyulun 18-nə keçən gecə Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsi ərazisində oyun zallarının birindən oğurluq edilməsi barədə Daxili İşlər Nazirliyinin “102 – Zəng Mərkəzi” xidmətinə müraciət daxil olub.
Dərhal Nizami (Gəncə) rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin obyektdən damı sökmək yolu ilə 4 ədəd televizorun və 4 oyun aparatının oğurlandığı məlum olub.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 3 nəfər Bakı şəhəri ərazisində Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla onların Gəncə şəhər sakinləri Orxan Həsənov, Emil Quliyev və əvvəllər məhkum olunmuş Ruslan Nəsirov olduqları müəyyən edilib.
Onlardan bir ədəd televizor və oyun aparatı maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.