Daxili işlər orqanlarının əməkdaşları ötən gün bir neçə rayonlarda narkotiklərlə bağlı xüsusi əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, o cümlədən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində iyulun 24-də polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində çəkisi 12,5 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 1 kiloqramdan artıq heroin, 6,5 kiloqramdan artıq tiryək və 5 kiloqrama yaxın marixuana, həmçinin xüsusi aqrotexniki qaydada yetişdirilmiş 41 ədəd narkotik tərkibli bitkilər aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübariz İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Vüqar Əsgərov Yasamal rayonu ərazisində saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 50 qramdan artıq heroin, 10 qrama yaxın metamfetamin və 10 ədəd metadon həbləri götürülüb.
Davam etdirilən tədbirlərlə onun Sabunçu qəsəbəsindəki yaşadığı evdən əlavə olaraq 1 kiloqramdan artıq heroin, 118 qrama yaxın tiryək və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Bundan başqa, Astara rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər narkotikə görə məhkum olunmuş Fariz Məmmədov 5 qram tiryəki satarkən cinayət başında yaxalanıb.
Şəxsi axtarış zamanı ondan 25 qram tiryək, yaşadığı evdən isə 6 kiloqram 400 qram tiryək və 1 ədəd içərisində narkotik vasitənin qalıqları olan şüşə flakon aşkar edilib.
Daha bir əməliyyat Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilib.
Polis əməkdaşları tərəfindən saxlanılan Sarıcalı kənd sakini Elsevər Rzayevdən marixuana aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 18 ədəd çətənə kolu, evindən isə əlavə olaraq 3 kiloqram 700 qram marixuana aşkar edilərək götürülüb.
Oxşar əməliyyatı Masallı rayon polis şöbəsinin əməkdaşları da keçirib. Rayonun Öncəqala kənd sakini Elmir Məlikovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu, yaşadığı evdən 460 qram marixuana tapılıb.
Ucar rayon polis şöbəsinin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Əlipaşa Nuruyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu, evindən isə 465 qram marixuana aşkar edərək götürüblər.
Faktlarla bağlı cinayət işləri başlanıb.