Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Zaur Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Zaur Musayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv edilib. O, məhkəmə iclas zalında həbs olunub.
İttihama görə, bu il martın 27-də, saat 18 radələrində 1982-ci il təvəllüdlü Zaur Musayev etibarnamə olmadan idarə etdiyi 60-ZA-135 dövlət qeydiyyat nişanlı qoşqusu olan “KamAZ” markalı, 60-BX-765 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə paytaxtın Sabunçu rayonu ərazisində hərəkətdə olarkən qoşqunun arxa dəmir qapısı açılaraq yolun sağ tərəfində təmizlik işləri aparan 1965-ci il təvəllüdlü Bakı şəhər sakini Cəmilə Salahovaya dəyib.
Sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Zaur Musayevin barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Məlumata görə, faciəli şəkildə ölən qadın həmin əraziləri süpürməklə pul qazanırmış.