Xaçmazda söyüş üstündə dostunu öldürməkdə təqsirləndirilən 1973-cü il təvəllüdlü Ehtiram Hidayətovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Ehtiram Hidayətov 11 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, qətl hadisəsi bu il fevralın 4-dən 5-nə keçən gecə Xaçmaz rayonunun Çarxı kəndində törədilib.
Məlum olub ki, kənd sakini, 1973-cü il təvəllüdlü Ehtiram Hidayətov ov tüfəngindən 1973-cü il təvəllüdlü dostu Əfqan Cəfərova atəş açıb. Yaralı hadisə yerindəcə keçinib. Cinayətdən dərhal sonra Ehtiram Hidayətov polisə gələrək günahını etiraf edib.
Ehtiram Hidayətov və Əfqan Cəfərov məktəb partasından bu yana dost olublar və qonşuluqda yaşayıblar. Uşaqlıq dostları arasında münaqişə pul üstündə baş verib.
“Azərbaycan Dəmir Yolları” QSC-də işləyən Ehtiram Hidayətov dostuna 1000 manat borc verib. Vədə tamam olsa da, Əfqan Cəfərov pulu qaytarmayıb. Ehtiram Hidayətov dostugilə gedərək pulu istəyib. Deyib ki, uşağım xəstədir və onun müalicəsinə pul lazımdır.
Əfqan Cəfərov isə nəinki borcunu qaytarmaq istəməyib, əksinə, uşaqlıq dostunu təhqir edib. Bundan qəzəblənən Ehtiram Hidayətov tüfəng dalınca evə qaçıb. Bir az sonra tüfənglə geri qayıdaraq dostunu güllələyib.