Ukrayna milli polisinin əməkdaşları Nadir Səlifovun (“Lotu Quli”) Odessadakı adamı, mütəşəkkil cinayətkar qruplaşmaya rəhbərlik edən Sadiq adlı şəxsi saxlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Kompromat” saytı məlumat yayıb.
Odessa vilayətinin polis rəisi, polis generalı Dmitriy Qolovinin sözlərinə görə, polislərin keçirdiyi xüsusi əməliyyat nəticəsində Odessada cinayətkar aləminə daha bir zərbə vurulub.
Sadiqin rəhbərlik etdiyi cinayətkar qrup yol qəzası hadisəsi törədib, daha sonra ictimai təşkilatlardan birinin üzvü olan sürücünü döyüblər.
“Dumskaya” qəzetinin məlumatına görə, hadisə yerinə gələn istintaq araşdırma qrupunun üzvləri davanın səbəbkarlarını saxlayıblar. Onların üzərindən qeydiyyatı olmayan tapança aşkarlanaraq götürülüb. Bildirilir ki, saxlanılan şəxslər reketlik və başqa cinayətlərə görə axtarışda olublar.
Qeyd edək ki, “Lotu Quli” (Nadir Salifov) Azərbaycanda uzun müddət həbsdə qaldıqdan sonra ötən il azadlığa çıxıb və İstanbulda məskunlaşıb (bəzi məlumatlara əsasən, hazırda BƏƏ-dir).
“Quli” 2018-ci il ərzində öz əlaltıları vasitəsiylə Moskva, Peterburq şəhərləri başda olmaqla Rusiyanın bir çox regionlarında və keçmiş SSRİ ölkələrində kriminal aləmə nəzarət edir.
Bir müddət öncə “Strana.ua”nın yaydığı xəbərə görə, Odessada Qulinin adamları ilə Türkiyədə yaşayan digər “vor zakon” Antimoz Kuxilavın (“Antimos”) adamları arasında mübarizə gedir.