Bakıda ərinin ölümünə görə təqsirləndirilən Gülər Mirzəyeva barəsində olan məhkəmə qərarından dövlət ittihamçısının apelyasiya protesti və zərərçəkmiş şəxsin apelyasiya şikayəti üzrə yenidən məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra apelyasiya protestinin və apelyasiya şikayətlərinin dəlilləri müəyyən edilib.
Məlum olub ki, Gülər Mirzəyevanın işinə bundan əvvəl Bakı Apelyasiya Məhkəməsində hakim Qali Məmmədovun sədrlik etdiyi kollegiyada baxılıb.
Hakim kollegiyası prokurorun protestini və zərərçəkmiş şəxsin şikayətini təmin etməyib.
Bundan sonra prokuror işin yenidən araşdırılması üçün kasasiya protesti verib. Prokurorun kasasiya protesti üzrə Ali Məhkəmə qərar qəbul edib.
Ali Məhkəmə işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edib.
Növbəti proses avqustun 2-də davam edəcək.
İttihama görə, Gülər Mirzəyeva 2016-cı il noyabrın 7-də Maştağa qəsəbəsində həyat yoldaşı, 32 yaşlı Şəmsi Babayevlə mübahisə edib. Mübahisə zamanı qadın ərinə bir neçə bıçaq zərbəsi vurub. Zərbələrdən biri ərinin şah damarına dəyib və o, qan itirmədən dünyasını dəyişib.
Daha sonra Gülər Mirzəyeva hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Gülər Mirzəyeva Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham olunur.
Məlum olub ki, ali təhsilli Gülər Mirzəyeva Naxçıvan Dövlət Universitetinin filologiya fakultəsinin məzunudur və iki yaşlı övladı var.
Zərərçəkmiş tərəfin iddiasına görə isə Gülər Mirzəyeva qətli tək törətməyib. Bu işdə təqsirləndirilən qadının atası və qardaşı da günahkardır.
Mərhum Şəmsi Babayevin hüquqi varisi kimi atası Qnyaz Babayev tanınıb.
Vəkil Bəxtiyar Hacıyev əvvəlki prosesdə vəsatət verərək Gülərin qətli tək yox, atası və qardaşı ilə birgə törətdiyini deyib, işin istintaqa qaytarılmasını istəyib. Amma vəsatət təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Gülər Mirzəyeva ittiham olunduğu 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddə 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif olunub. O, 1 il 11 ay müddətinə azadlıqdan məhrum edilib. Gülər Mirzəyeva həmin müddəti istintaq təcridxanasında başa vurduğu üçün məhkəmə zalından azadlığa buraxılıb.
Hökmdən prokuror apelyasiya protesti verərək, Gülər Mirzəyevanın cəzasının ağırlaşdırılmasını istəyib.
Həmçinin eyni tələblə zərərçəkmiş tərəf də apelyasiya şikayəti veriblər.