“2018-cı ilin birinci yarımilində istintaq və əməliyyat-axtarış fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə qeydə alınmış 12.844 cinayətin 93,8 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olmaqla, onların 89,4 faizi böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 10,6 faizi ağır və xüsusilə ağır cinayətlər təşkil edib”.
Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən geniş əməliyyat müşavirəsində baş prokuror Zakir Qaralov deyib.
Bildirilib ki, pofilaktiki işin gücləndirilməsinin və kriminogen durumun daim nəzarətdə saxlanılmasının nəticəsi olaraq, cinayətkarlığın dinamikasında mövcud olan müsbət meyllər hesabat dövründə daha da yaxşılaşaraq, cinayətlərin sayı 3,4 faiz, o cümlədən ağır və xüsusilə ağır növlər 28,6, qəsdən sağlamlığa ağır zərər vurmalar 2,9, mülkiyyət əleyhinə olan cinayətlər 14, onlardan oğurluqlar 7,1, quldurluqlar 12,7, yol-nəqliyyat hadisələri 5, qəzalarda həlak olanların sayı isə 1,3, xəsarət alanların sayı isə 8,3 faiz azalıb.
Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətlərin açılması yaxşılaşaraq 86,4 faiz təşkil edib.
O cümlədən, 2017-ci ilin 6 ayı ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlərin açılması 2,1, şəxsiyyət əleyhinə cinayətlərin açılması 0,6, adam öldürməyə cəhdlərin açılması 1,8, mənzil oğurluqlarının açılması 2,6 və avtonəqliyyatın qaçırılması cinayətlərinin açılması 12,8 faiz artıb.
Daxili işlər və prokurorluq orqanları tərəfindən birgə davam etdirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində keçmiş illərdən bağlı qalmış 188 cinayət açılıb.
2018-ci ilin birinci yarım ilində qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması, onları törətmiş şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb.
Prokurorluğun digər hüququ mühafizə orqanlarının əməliyyat qurumları ilə həyata keçirdiyi birgə əlaqəli işin nəticəsində qeydə alınmış 77 qəsdən adam öldürmə cinayətlərindən 74 hadisənin açılması təmin olunub, Sumqayıt şəhər, Tovuz və Göygöl rayon prokurorluqlarının hər biri üzrə 1 hadisə olmaqla 3 qəsdən adam öldürmə cinayəti bağlı qalıb.
Həmin işlər üzrə hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.