Mərkəzi Afrika Respublikasında qətlə yetirilən rusiyalı jurnalistlərdən ibarət çəkiliş qrupunun sənədli film çəkmək üçün bu ölkəyə Mixail Xodorkovskinin “Araşdırmaların İdarə olunması Mərkəzi” tərəfindən göndərildiyi məlum olub.
Jurnalistlərin olduğu avtomobil Sibut şəhəri yaxınlığındakı blokpostlardan birinin qarşısında naməlum silahlı şəxslər tərəfindən gülləbaran edilib.
İnsidentin səbəbi və təfərrüatları hələlik məlum deyil.
Qətlə yetirilən jurnalistlər MAR-da akkreditasiya keçməyib. Onların üzərindən isə müxtəlif mətbu orqanlarına məxsus vaxtı ötmüş xidməti vəsiqələr aşkarlanıb.
/APA/
23:28
Rusiyalı jurnalist Orxan Camalın həyat yoldaşı İrina Qordiyenko “İnterfaks” agentliyinə bildirib ki, MAR-da qətlə yetirilmiş ərinin cəsədini tanıyıb.
“Mən bu məlumatı təsdiq edirəm, mənə diplomatik kanallarla cəsədin fotoşəklini yollayıblar”, - İ.Qordiyenko deyib.
Onun sözlərinə görə, əri Mərkəzi Afrika Respublikasında ezamiyyətdə olub.
20:05
Azərbaycan əsilli məşhur ilahiyyatçı-filosof, yazıçı və politoloq, mərhum Heydər Camalın oğlu, müstəqil jurnalist Orxan Camal Mərkəzi Afrika Respublikasında qətlə yetirilib.
Teleqraf.com xəbər verir ki, məlumatı Rusiyanın “Dojd” telekanalı yayıb. Qeyd olunur ki, Mərkəzi Afrika Respublikasında film çəkən Orxan Camal, operator Kirill Radçenko və rejissor Aleksandr Rastorquyev naməlum şəraitdə öldürülüblər.
Qeyd edək ki, 51 yaşlı Orxan Camal 2003-cü ildə Rusiya Müsəlman Jurnalistləri İttifaqının təşkilatçılarlndan biri olub. Elə həmin il “Travel”(səyahət) jurnalistikası sahəsindəki fəaliyyətinə görə, dünyanın ən yaxşı media nümayəndəsi adına layiq görülüb. O, dəfələrlə qaynar nöqtələrdə olub. 2008-ci ildə Rusiyanın Gürcüstana müdaxiləsi zamanı “5 günlük müharibənin xronikası” adlı kitab yazıb. 2011-ci ilin avqustunda Liviyada ayağından ciddi yara alıb.