Bərdə rayonunda adam öldürməyə cəhd etməkdə və avtomobil qaçırmaqda təqsirli bilinən 1989-cu il Orxan Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqlşdirilib.
İttihama görə, Bərdə rayonun Əyricə kənd sakini, 1996-cı il təvəllüdlü Xasay Məhərrəmov naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Xasay Məhərrəmova vaxtında tibbi yardım göstərilib. Bu səbəbdən onun həyatını xilas etmək mümkün olub.
Məlumata görə, cinayəti törədən şəxs Xasay Məhərrəmova məxsus VAZ-21014 markalı avtomobili idarə edərək hadisə yerini tərk edib.
Bərdə rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxsin Orxan Kərimov olduğu müəyyən edilib. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
İstintaq orqan tərəfindən Orxan Kərimovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.