Bakıda quldurluq etməkdə təqsirli bilinən Həmid Allahverdiyev, Murad Əliyev və Ceyhun İsmayılovun barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı istintaq orqanını təqdimatına baxılıb.
Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə baş tutan prosesdə istintaq orqanını təqdimatı təmin edilib.
Təqsirləndirilən şəxslərin həbsdə saxlanma müddəti daha 2 ay uzadılıb.
İttihama görə, bu ilin aprelin 4-də Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinə müraciət edən Məhəmmədi qəsəbə sakini Taleh Həşimov həmin gün saat 1:00 radələrində qəsəbə ərazisində dörd naməlum şəxs tərəfindən döyüldüyünü və bıçaqla hədələnərək 3000 manatının alındığını bildirib.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları qısa zamanda quldurluğu törətməkdə şübhəli bilinənləri müəyyən edərək “isti izlər”lə saxlayıblar.
Araşdırmalarla onların Bakı şəhər sakinləri Cavanşir Şirinov, Həmid Allahverdiyev, Murad Əliyev və əvvəllər məhkum olunmuş Ceyhun İsmayılov olduqları müəyyən edilib.
İlkin ifadələri zamanı onlar törətdikləri cinayəti etiraf ediblər.
Araşdırma zamanı məlum olub ki, dəstə üzvü Həmid Allahverdiyev Sabunçu rayonunda yerləşən kafelərdən birində olan zaman zərərçəkənin cibində külli miqdarda pul olduğunu müşahidə edib.
Daha sonra bu barədə digərlərinə məlumat verib. Onlar birlikdə zərərçəkəni kafedən çıxıb evə gedən zaman izləyiblər və qeyd edilən ünvanda planlaşdırdıqları cinayəti həyata keçiriblər. Əldə edilən pul dəstə üzvlərinin arasında bölünüb.
Təqsirləndirilən şəxs qismində ifadə verən Həmid Allahverdiyev deyib ki, zərərçəkmişi kafedə görüblər: “Kafedə oturmuşdum. Birinin üstündə pul görüb, dostuma zəng vurdum. Dostum gəldi, kişini izlədik və evin qabağında vurub pulunu aldıq. 2700 pulun 1000-i mənə, 1000-i Ceyhuna, 700-də Murada çatıb”.
Digər təqsirləndirilən şəxs Ceyhun İsmayılov da törətdiyi cinayəti etiraf edib: “Həmid zəng elədi, getdik. Kişini izlədik, üçümüz də onu döyüb pulunu aldıq”.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 177.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq törətmək), 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) və 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.
Bundan əvvəl onların barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.
Hazırda bu cinayət işi üzrə istintaq hərəkətləri davam edir.