3 Avqust 2018 12:23
2 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı qadınları cinsi istismara məruz qoymaqda ittiham olunan Kəmalə Məmmədzadə və onun bacısı Nəzakət Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrlik etdiyi proses qapalı keçirilir.

Prosesdə həm Kəmalə Məmmədzadə, həm də Nəzakət Məmmədova ifadə verib. Onlar özlərini elan olunmuş ittiham üzrə qismən təqsirli biliblər.

İttihama görə, Kəmalə Məmmədzadə və Nəzakət Məmmədova gəlir əldə etmək məqsədilə qadın biznesi qurublar. Onlar paytaxtda və regionlarda yüngül həyat tərzi keçirən qadınları taparaq Türkiyəyə aparıblar. Həmin qadınları Türkiyənin bir neçə böyük şəhərində otellərdə kişi müştərilərlə görüşdürüb, pul qazanıblar.

Hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (İki və ya daha çox şəxs barəsində insan alveri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işində iki zərərçəkmiş qadın tanınıb.

Qeyd edək ki, mühakimə olunan bacılardan biri əvvəllərdə oxşar maddələr ilə məhkumluq həyatı yaşayıb. 2014-cü ildə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Kəmalə Məmmədzadə tutulub. Onun gəlir əldə etmək məqsədi ilə Xətai rayonunda yaşadığı evində əxlaqsızlıq yuvaları təşkil etməsi müəyyən edilib.

Kəmalə Məmmədzadə həmin dövrdə Cinayət Məcəlləsinin 243.1-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, şantajla, əmlakı məhv etməklə və ya zədələməklə, yaxud aldatmaqla, gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) və 244.2.1-ci (təkrar əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə ittiham olunub.

Kəmalə Məmmədzadə Xətai rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Sonra isə Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə cəzası 6 ay azaldılıb.

Həbsdən çıxan Kəmalə Məmmədzadə yenidən eyni əməli törədib. Bu dəfə o, qadın alverini ölkə hüdudlarından kənarda həyata keçirib.

Bu ilin əvvəlində Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Kəmalə Məmmədzadənin əməli ifşa edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər