4 Avqust 2018 12:01
1 464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quldur dəstəsi yaratmaqda təqsirləndirilən, kriminal aləmdə "Kritı Araz" kimi tanınan Araz Fərəcov və dəstə üzvləri Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev, Elməddin Şahbazov, Eltən Əliyev, Xəyyam Qurbanlının barəsində olan hökmdən verilmiş şikayət üzrə məhkəmənin vaxtı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən prokuror tərəfindən apelyasiya protesti verib.

Prokuror şikayətdə təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılması tələb edib. Prokurorun protesti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Namiq Məmmədovun icraatına verilib.

İlkin baxış iclası avqustun 10-na təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Araz Fərəcov 10 il, Vüqar Musayev 9 il, Renad Zahirov 9 il, Eltən Əliyev 8 il 6 ay, Xəyyam Qurbanlı 5 il və Elməddin Şahbazov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Namiq Babayevin barəsində 1 il 2 ay cəza təyin edilib. Onun həmin təyin olunan cəza müddətini istintaq və məhkəmə dövründə çəkdiyi nəzərə alınıb və məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, Araz Fərəcov Penitensiar Xidmətin 8 saylı müəssisəsində cəza çəkərkən, 2016-ci il dekabrın ayında əvvəldən tanıdığı Vüqar Musayev və digərləri ilə mütəşəkkil dəstə yaradıb .

Dəstə üzvləri Bakıda və bölgələrdə oğurluq və quldurluq hadisələri törədiblər. İttihamda qeyd edilib ki, bütün bunları Araz Fərəcov koordinasiya edib.

2017-ci aprelin 14-də Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatı zamanı Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev saxlanılıb. Onlar mütəşəkkil dəstənin həbsdə olan Araz Fərəcov tərəfindən yaradıldığını bildiriblər. Araz Fərəcovdan başqa Elməddin Şahbazov da həbsxanada ola-ola cinayətkar dəstənin üzvü olub. O da işləri içəridən koordinasiya edib.

Xatırladaq ki, Araz Fərəcov kriminal aləmdə "Kritı Araz" kimi tanınır. Onun mərhum "qanuni oğru" Rövşən Lənkəranskinin tərəfdarlarından olduğu qeyd edilib.


Müəllif: Hacı Zeynalov