Bu gün Bakı Apelyasiya Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun məhkəməsi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Elnur Məmmədlinin vəkili Cavad Cavadov iştirak etməyib. Elnur Məmmədov prosesin vəkilinin iştirakı ilə davam etməsini xahiş edib.
Məhkəmə avqustun 22-nə təyin olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Məmmədli 5 il 6 ay və Bəşir Süleymanlı 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Süleymanlı məhkəmə zalından həbs edilib. Elnur Məmmədov isə 3 il 6 ay müddətinə şərti cəza alıb.
Anar Məmmədli 2013-cü il dekabrın 16-da həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətini aşmaqda ittiham olunur. Məhkəmə onu üç ay müddətinə həbs edib. Anar Məmmədli və digər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (iri məbləğdə əmlakı mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Hacı Zeynalov