Güclü təsir edən dərmanları qanunsuz satmaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Natiq Qasımov, Xatirə İmaməliyeva və Aidə Cəfərovanın barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, təqsirləndirilən şəxslərdən yalnız Natiq Qasımov apelyasiya şikayəti verib. O, şikayətində cəzasının yüngülləşdirilməsini istəyir.
Növbəti proses avqustun 28-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Natiq Qasımov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, digər təqsirləndirilənlər - Xatirə İmaməliyeva və Alidə Cəfərovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Onların cəzaları şərti hesab edilib.
Hökmdən narazı qalan Natiq Qasımov apelyasiya şikayəti verib və barəsində həbs olmayan cəza növünün təyin edilməsini xahiş edib.
İttihama görə, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsndə fəaliyyət göstərən aptekdə 5 fevral 2018-ci il tarixdə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən “Contramal 150 SR (Tramadol HCl 150 mq)” adlı dərman preparatının həkim resepti olmadan 50 həbini 75 manata qanunsuz satıldığı müəyyən edilib.
İstintaq zamanı aptekdə Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə müvafiq məhkəmə qərarı əsasında axtarış həyata keçirilib.
Axtarış zamanı narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan tərkibində güclü təsir edici maddələr olan hər birində 10 həb olmaqla 200 konvalyutda “Contramal 150 SR”, dövlət qeydiyyatı olmayan 7 adda - 1 qutu "Benzilbenzoat”, 1 qutu "Chondrocsil GEL 100 ml", 3 qutu "MGK Baralqin № 100", 1,5 qutu "Silentex N 30", 1 qutu "İmunitex N 30", 21 konvalyut "Mukaltin 50 mq № 10", 22 konvalyut "Dimedrol 50 mq № 10", sertifikatı olmayan 13 adda - 5 qutu "Bonaksim 1 qr N 1", "Auqmentin suspenzia 70 ml № 1", 1 qutu "Amitriptilin 25 mq № 50", 2 qutu "Nirofen 200 mq N 24", 1 qutu "Uprofloksain 02 % 100 ml № 1", 7 konvalyut Difenin 117 mq № 10", 1 qutu "Dilatrent 12,5 mq № 30", 1 qutu "Triamzur Kompozitum 37,5 mq № 50", 2 qutu "Korinfar 10 mq № 100", 3 qutu "Validol 50 mq № 40", 1 qutu "Preduktal MR 35 mq № 60", 1 qutu "Streptosit 5% 30 q Liniment" və 5 qutu "Nurofen S 3x 100 ml № 1" adlı dərman preparatları aşkar edilərək götürülüb.
Mətbuatda yazılan məlumata görər, Natiq Qasımov sabiq rabitə naziri Əli Abbasovun qohumudur.