Bakıda avtomobil oğurluğu edən şəxsin tutulması üçün əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, ötən gün Bakı şəhər sakini Əliş Mustafayev polisə müraciət edib bir gün əvvəl Səbail rayonunun Xəqani küçəsində yerləşən dayanacaqda “BMW” markalı avtomobilini saxlamasını, açarlarını isə orada işləyən şəxsə verməsini, ertəsi gün həmin şəxsin avtomobili qaçırmasını bildirib.
Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən avqustun 22-də avtomaşının Xətai rayonu Zığ yolu küçəsində hərəkətdə olması müəyyən edilib.
Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsi əməkdaşları tərəfindən görülmüş tədbirlərlə avtomobil saxlanılıb, hadisəni törədən Bakı şəhər sakini Fərid Ağazadə ilə birgə Səbail rayon Polis İdarəsinə təhvil verilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsini ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.