Cəlilabad rayonunda qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə ittiham olunan 1990-cı il təvəllüdlü Müşfiq Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Müşfiq Qasımov 14 iyul 2017-ci il tarixdə saat 23 radələrində yaşadığı Cəlilabad rayonunun Privolnoye kəndində qonşusu Ceyhun Əhədovla şəxsi münasibətlər zəminində mübahisə edib.
Qonşuların mübahisəsi sonradan davaya çevrilib.
Dava zamanı Ceyhun Əhmədov Müşfiq Qasımovu yumruq və təpiklə vurub, əynindəki köynəyini cırıb.
Hadisə yerində olan həmkəndliləri Siyavuş Quliyev və Məmmədağa Məmmədov onları aralaşdırdıqdan sonra Müşfiq Qasımov evlərinə gedib.
Bundan sonra Müşfiq yenidən hadisə yerinə gəlib, Ceyhun Əhədovu yanına çağırıb. Əlindəki bıçaqla ona 6 dəfə zərbə vurub.
Ceyhun Əhədova vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Müşfiq Qasımovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Müşfiq Qasımov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Müşfiq Qasımov apelyasiya şikayəti verib. O, barəsində olan cinayət işinə yenidən baxılmasını, ədalətli qərar qəbul edilməsini xahiş edib.
Müşfiq Qasımovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Ələsgər Novruzovun sədrliyi ilə baş tutan prosesdə Müşfiq Qasımovun apelyasiya şikayətini dəlilləri araşdırılıb.
Hakim heyəti sonda apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar elan edib.