Xətai rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində ayrı-ayrı vaxtlarda iki qadına hücum edərək zərərçəkənlərin çantalarını ələ keçirməkdə şübhəli bilinən paytaxt sakini Amil Paşayev saxlanılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Araşdırma zamanı məlum ki, o, iyun ayı ərzində metronun “Əhmədli” starnsiyasının yaxınlığında təsadüfən gördüyü qadınları izləyərək münasib bildiyi şəraitdə onların çantalarını açıq talama yolu ilə alaraq hadisə yerindən qaçıb.
Qeyd edək ki, saxlanılan şəxsin ələ keçirdiyi çantaların birində 120 manat pul olub.
İstintaqın gedişi zamanı Amil Paşayevin şübhəli davranışları polis əməkdaşlarında onun başqa cinayətlərdə əlinin olduğuna dair əsaslı şübhələr oyadıb.
Bu səbəbdən Amil Paşayevin ətrafında həyata keçirilən əlavə istintaq-əməliyyat tədbirləri ilə onun 2017-ci ilin dekadr ayından saxlanılan günə qədər Xətai rayonu ərazisində 4 azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyi müəyyən edilib.
Əsasən 10-15 yaş arasında olan qızları izləyən Amil Paşayev binaların girişində mərtəbələr arasında yerləşən pilləkən sahələrində onlara hücum edərək seksual xarakterli hərəkətlər edib.
Faktla bağlı Xətai rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Polis əməkdaşları Amil Paşayevin paytaxtın digər ərazilərində də analoji cinayətlər törətdiyini istisna etmirlər.
Onun əməllərindən zərərçəkən və hələ də polisə müraciət etməyən başqa şəxslər varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai rayon Polis İdarəsinə məlumat verə bilərlər.