Bu gün paytaxtın Nəsimi rayonunda həbas edilən "Bibi" ləqəbli Sənubər Lütfəliyeva istintaqa ifadə verib.
Teleqraf.com xəbər verir ki, o, ifadəsində bildirib ki, 3-4 ildir heroin alqı-satqısı ilə məşğul olub.
Onun sözlərinə görə, narkotik vasitələri tanımadığı adamdan alıb.
Sənubər Lütfəliyeva bildirib ki, bir qram narkotik vasitəni 4 yerə bölüb və hər birini 10 manata satıb: "Narkotik vasitələri öz evimdə satırdım. Uşaqlar da gələrək narkotik vasitəni evdən götürüdülər".
Digər saxlanılan İmran İsgəndərov qeyd edib ki, "Kubinka" deyilən ərazidə narkotik vasitəni Sənubər Lütfəliyevadan alıb: "20 manat pul verdim, iki büküm "mal" aldım. Malı alandan sonra bir az aralaşdım, bu zaman polislər məni tutdular. Ara-sıra narkotik vasitələri Sənubər xanımdan alırdım".
Hazırda istintaq hərəkətləri davam edir.
***
14:52
Nəsimi rayon Polis İdarəsinin narkotiklərlə mübarizə şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslər saxlanılıb.
Teleqraf.com xəbər verir ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində paytaxt sakini əvvəllər məhkum olunmuş İmran İsgəndərov tutulub.
Onun üzərinə baxış keçirilən zaman iki büküm heroin və psixotrop maddə olan “midraks-tropikamin” aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs heroini Nəsimi rayon “Kubinka” adlanan ərazidə narkotik vasitələrin satışı ilə məşğul olan “bibi” ləqəbli şəxsdən aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq polis əməkdaşları tərəfindən İ.İsgəndərova narkotik vasitələri satmaqda şübhəli bilinən Nəsimi rayon sakini Sənubər Lütfəliyev də saxlanılıb.
Onun üzərinə baxış keçirilən zaman ümumi çəkisi 14,275 qram olan 43 büküm heroin aşkar edilərək götürülüb.
S.Lütfəliyeva ifadəsində bir müddətdir ki, narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.