Tovuz rayonunda arvadını bıçaqlamaqda təqsirli bilinən Samir Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İttihama görə, bu ilin iyunun 10-da Tovuz rayonun Aşağı Öysüzlü kəndində 1991-ci il təvəllüdlü Ceyran Tağıyeva bıçaqlanıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün Ceyran Tağıyevanın həyatını xilas etmək mümkün olub.
Araşdırmalar zamanı məlum olub ki, Ceyran Tağıyeva həyat yoldaşı Samir Hüseynov tərəfindən bıçaqlanıb.
Samir Hüseynov daim narkotik vasitələr istifadə edib. Bu səbəbdən o, narkotik vasitələr əkib-becərib. Onun narkotik əkməsi Ceyran Tağıyevanın etirazına səbəb olub.
Hadisə baş verən günü də ər-arvad arasında bu mövzuda mübahisə yaranıb.
Mübahisə sonda qanlı cinayətlə nəticələnib.
İstintaq orqanı tərəfindən Samir Hüseynovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) və 237.1-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) maddəsi ilə ittiham elan edilib.
Növbəti proses sentyabrın 10-da davam edəcək.