Goranboy rayonunda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən 1966-cı il təvəllüdlü Mikayıl Hümbətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Mikayıl Hümbətov icarə əsasında işlətdiyi Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi ərazisində yerləşən “Qoşa bulaq” istirahət mərkəzində əxlaqsızlıq yuvası təşkil edib.
O, istirahət mərkəzlərinin otaqlarından birində Samirə Əliyevanı (ad və soyad şərti verilib – H. Z.) fahişəliklə məşğul olması üçün 30 manat pul müqabilində Sənanla görüşməsinə şərait yaradıb.
Sənanla Samirə cinsi əlaqədə olan vaxt Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən aşkar edilib.
Məlum olub ki, Mikayıl Hümbətov Sənan ilə Samirənin intim əlaqədə olmalarına şərait yaradılması üçün qardaşı oğlu Turala göstəriş verib.
İstintaq orqanı tərəfindən Mikayıl Hümbətovun barəsində Cinayət Məcəlləsinin 244.1-ci (fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mikayıl Hümbətov bildirib ki, Sənanla Samirənin intim əlaqədə olmalarına şərait yaradılması üçün qardaşı oğlu Tural ona telefonla məlumat verməyib: “Ümumiyyətlə, həmin vaxt ora qonaqların gəlməsindən, yemək yeməsindən, polis əməkdaşlarının gəlişindən məlumatım olmayıb. Hadisədən sonra istirahət mərkəzində işləyən kababçı mənə telefonla məlumat verib. Mən də yalnız polis əməkdaşları istirahət mərkəzindən getdikdən sonra hadisədən məlumatım olub və bununla maraqlanmışam.
Mənim Sənan və Samirənin istirahət mərkəzində cinsi əlaqədə olmalarından, buna görə qardaşım oğlu, həmin istirahət mərkəzində Tural Hümbətova 30 manat vermələrindən məlumatı olmayıb”.
Cinayət işi üzrə şahid qismində ifadə verən Sənan bildirib ki, Gəncə şəhərində Samirə ilə görüşüb, ona 50 manat pul ödəməklə cinsi əlaqədə olmağa razılaşıb: “Samirə ilə birlikdə “Qoşa bulaq” istirahət mərkəzinə gəldik. İstirahət mərkəzinin xidmətçisi Tural Hümbətova yaxınlaşdım. Ona yanımdakı qadınla bizə otaq verməsini xahiş etdim. Tural Hümbətovun 30 manat müqabilində otaqlardan birini verə biləcəyini bildirdi. Tural 30 manatıaldıqdan sonra 1 saylı otağı mənimlə Samirəyə təqdim etdi”.
Şahid qismində ifadə verən Tural Hümbətov qeyd edib ki, istirahət mərkəzindəki otaqlardan birində yatdığı vaxt qapı döyülüb: “Yuxudan qalxaraq, qapını açdım. Sonradan adlarının Sənan və Samirə olmasını bildiyim şəxslər yemək yeyəcəklərini dedilər. Sənandan yemək haqqı üçün 30 manat pul aldım. Müştərilər yerləşdikdən bir qədər sonra İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları istirahət mərkəzinə gəldi, özlərini təqdim etdi, istirahət mərkəzinə baxış keçirdilər. Baxış zamanı Samirə ilə Sənan otaqda yarıçılpaq vəziyyətdə aşkar edildilər”.
Tural Hümbətovun sözlərinə görə, obyektə yemək yeməyə 3 nəfər gəlibmiş: “Onlardan biri qız, ikisi oğlan idi. Çay kənarı soyuq olduğu üçün bayırda yemək istəmədilər, onlar örtülü bir yer istədilər. Mən də yemək yemələri üçün onlara zalda yer açdım. Onlar qalmaq üçün məndən yer istəmədilər”.
Goranboy rayon Məhkəməsinin hökmü ilə Mikayıl Hümbətov 400 saat ictimai işlər cəzasına məhkum edilib.
Hökmdən narazı qalan Mikayıl Hümbətov apelyasiya şikayəti verib. Onun şikayətinə Gəncə Apelyasiya Məhkəməsində baxılıb.
Hakim Teyyub Muxtarovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Qərara görə, Mikayıl Hümbətovun apelyasiya şikayəti təmin edilib və onun barəsində bəraət hökmü çıxarılıb.
Bu hökmdən narazı qalan prokurorluq kasasiya protesti verib.
Bu günlərdə Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada prokurorluğun protesti araşdırılıb.
Sonda hakim heyəti prokurorluğun protestini təmin etməyib.