5 Sentyabr 2018 17:33
2 449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın, Penitensiar xidmətin konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, kriminal aləmdə nüfuza malik Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyev, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində qarovul rəisi Taleh Yusifov ifadə verib.

O bildirib ki, xidmətdə olduğu vaxtlarda “Qoca” ləqəbi ilə tanınan Etibar Məmmədovun Ceyhun Səmədova pul verməsinin şahidi olmayıb: “Mən tam qanunla xidmətimi aparmışam. Məhbuslardan pul və ya hədiyyə almamışam. Sadəcə məhbusları yola vermişəm, bizim işimiz yola verməkdi, bu gün də yola verirəm.

Hər adamın öz iş prinsipi var, mən də belə işləmişəm. Amma heç kimdən pul almamışam, heç kimlə alış-verişim olmayıb. Təlimatdan kənar heç bir iş görməmişəm. Gündə 70-80 dustaq qəbul etmişik, çətin vəziyyətdə işləmişik. Komandirimin də həmişə tövsiyəsi bu olub ki, Taleh, qanunsuz işlərdən uzaq ol. Mən heç bir məhkumdan pul almamışam və heç kimə pul verməmişəm. Niyə də verməliyəm?”

Daha sonra şahid qismində ifadə verən Lənkəran şəhər Polis İdarəsinin müvəqqəti saxlama yerinin rəisi işləmiş Əlişir Fərəcov bildirib ki, Etibar Məmmədov məhkum olduğu vaxt ona təhvil verilib: “Ona şərait yaratdıq, ailəsi ilə danışdı. Sonra Fədayə xanım gəlib Etibarla görüşmək istədiyini dedi, razılıq vermədim. O, cəmiyyətdə tanınmış adam olduğunu, rəislə görüşmək istədiyini dedi. Rəislə danışandan sonra onun tapşırığı ilə görüş təşkil etdik. Qadın xeylağı olduğuna görə Fədayə xanımın üstünü yoxlamadıq”.

Növbəti proses sentyabrın 10-da davam edəcək.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş "Qoca" ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.

Xidməti yoxlamanın ilkin nəticələrinə əsasən, vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.

Mühafizə altından qaçan Əli Ağami həbs olunub, Etibar Məmmədov isə əməliyyat zamanı zərərsizləşdirilərək öldürülüb.

Məlum olub ki, kriminal avtoritetlərin qaçmasında müğənni Fədayə Laçın, onun tanışı Günay Atakişiyeva da yaxından köməklik göstəriblər.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Həmçinin Pentensiar xidmətin vəzifəli əməkdaşlarına qarşı Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər