Bakıda dələduzluq etməkdə təqsirli bilinən İlham Xıdırov və Nazim Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, İlham Xıdırov dələduzluq əməllərini Nazim Mustafayev vasitəsilə törədib. Onlar İrandan və Rusiyadan kompressor avadanlıqları gətirib və satmaq adı ilə bir neçə şəxsdən külli miqdarda pul alaraq onlara qazanc verəcəyini vəd edib, lakin həmin şəxsləri aldadıb.
Zərərçəkmiş Elxan Muradlı biznes qurmaq üçün İlham Xıdırova 610 min manat pul verdiyini, bu günə kimi də ala bilmədiyini deyib.
Zərərçəkmişlərdən biri İlham Xıdırovun doğma qardaşı oğludur. İlham Xıdırov qardaşı oğlu Elxan Xıdırovdan 50 min dollar‚ onun xalasından da eyni məbləğdə pul alıb.
İttiham olunan şəxslər özlərini təqsirli bilmədiklərini deyiblər.
Növbəti proses sentyabrın 11-də davam edəcək.