“Qızıl Məryəm” ləqəbi ilə tanınan iş adamı Məryəm Nemətzadənin qətlində təqsirli bilinən bacısı oğlu Nicat Eyvazovun cəzası ağırlaşdırılır.
Teleqraf.com xəbər verir ki, 10 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Nicat Eyvazovun yanına qısa müddətli görüşə gələn anası Fəhriyyə Eyvazova qanunu pozub.
Fəhriyyə Eyvazovanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib.
Baxış zamanı ona məxsus pulqabının içində gizlətdiyi narkotik maddə olan marixuana aşkar edilərək götürülüb.
Qeyd edək ki, Nicat Eyvazov Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddəsi ilə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Onunla birlikdə ittiham olunan “Qızıl Məryəm”in qızı Günel Hüseynova 18, onun tanışı Ceyhun Əsgərov isə 19 il müddətinə azadlıqdan məhrum edilib.
Nicat Eyvazovun vəkili müvəkkilinin barəsində bəraət hökmü, digər təqsirləndirilən şəxslərin müdafiəçiləri isə cəzaların yüngülləşdiriləməsini istəyiblər.
Bakı Apelyasiya Məhkəməsində təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib. Bu qərardan narazı qalan vəkillər kasasiya şikayəti veriblər.
Kasasiya şikayəti Ali Məhkəmədə hakim Hafiz Nəsibovun icraatına verilib.
Məhkəmə iclası sentyabrın 26-na təyin edilib.
İttihama görə, 2015-ci il yanvarın 5-də saat 09.00 radələrində 1965-ci il təvəllüdlü Məryəm Nemətzadənin yaşadığı mənzildə üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyiti aşkar edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti mərhumun qızı, 1988-ci il təvəllüdlü Günel Hüseynova, bacısı oğlu, 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərovun törətdiyinə əsaslı şübhələr meydana çıxıb və onlar tutularaq istintaqa cəlb olunublar.
Qətlə yetirilən qadın “Qızıl Məryəm” ləqəbli iş adamı kimi tanınıb. Onun “Moskva” univermağında, eləcə də paytaxtın ayrı-ayrı ünvanlarında isə bir sıra məşhur qızıl mağazaları olub.