12 Sentyabr 2018 11:18
4 615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı və Sumqayıtda cinayətlər törətməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Anar Məhərrəmovun məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Anar Məhərrəmov şəxsiyyətləri məlum olmayan bir qrup şəxslə 26 yanvar 2016-cı il tarixdə, saat 05.00-da paytaxtın Səbail rayonunda yerləşən “Night Office” gecə klubunun dəhlizində cinayət törədib.

Gecə klubunda dava

Anar Məhərrəmov klubda dincələn Kamran Hüseynovun onunla birgə olan qıza sataşdığını ehtimal edib, heç bir əsaslı səbəb olmadan mübahisəyə başlayıb. Anar Məhərrəmovun mübahisəsinə digər dostları da qoşulub.

Onların səs-küyü müştəri və işçilərin narahatlığına səbəb olub.

Anar Məhərrəmov yumruq və təpik zərbələri ilə Kamran Hüseynovu vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Silah və narkotik

Bundan başqa Anar Məhərrəmov istintaqa məlum olmayan vaxtda və naməlum mənbədən kustar üsulla hazırlanmış sandıqcası ilə birgə tapança, narkotik vasitə hesab olunan 22,470 qram çəkidə tiryək əldə edib.

Bu barədə daxil olmuş məlumat əsasında Sumqayıt şəhər Polis İdarəsinin əməliyyat–axtarış tədbiri nəticəsində Anar Məhərrəmov 17 fevral 2017-ci il tarixdə Sumqayıt şəhəri, N.Nərimanov küçəsi, 45-ci məhəllə ərazisində yerləşən “Pioneer” mağazasının yaxınlığında saxlanılıb.

Anar Məhərrəmov Sumqayıt şəhər Polis İdarəsinə gətirilib və orada üstünə baxış keçirilib. Baxış zamanı onun üzərində silah və narkotik vasitə aşkar olunub.

Anar Məhərrəmov kriminal aləmdə “Polojeniya Anar” kimi tanınıb.

“Polojeniya Anar”ın 4 maddəli cinayət işi

İstintaq orqanı tərəfində Anar Məhərrəmovun barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurma), 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə ittiham elan edilib.

4 il həbs

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Məhərrəmov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Həmçinin Anar Məhərrəmovun narkomaniyadan məcburi müalicə təyin olunması və ərazi narkoloji dispanserdə qeydiyyata alınması barədə qərar qəbul edilib.

Hökmdən narazı qalan Anar Məhərrəmov apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Cəzadan narazı qaldı, həbsdən 1 il xilas oldu

Anar Məhərrəmovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Vidadi Cəfərovun sədrliyi ilə baş tutan prosesdə Anar Məhərrəmovun apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib, Anar Məhərrəmovun cəzası 3 ilə endirilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər