Ögey anasının qətlində təqsirləndirilən Rəhim Bağırovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayev sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.
O, Rəhim Bağırovun anlaqsız vəziyyətdə olduğu üçün barəsində məcburi psixatrik müayinə tədbiri tətbiq edilməsini, buna görə də Maştağada yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilməsini istəyib.
Növbəti proses sentyabrın 21-də davam edəcək.
İttihama görə, ötən il noyabrın 13-də Şamaxı şəhəri, Azadlıq küçəsindəki 52 saylı mənzildə yaşayan 1960-cı il təvəllüdlü Badam Bağırova öldürülüb.
Müəyyən edilib ki, onu bir neçə il əvvəl dünyasını dəyişən ev sahibi Hacı Bağırovun birinci arvadı ilə nikahından olan oğlu, 1957-ci il təvəllüdlü Rəhim Bağırov törədib.
Rəhim Bağırov qadını amansızlıqla qətlə yetirdikdən sonra onun meyitini yaşadığı evin həyətindəki köhnə su quyusuna atıb. Sonra meyitin gizlədilməsi üçün onun üstünə daş və torpaq, ağac yığıb.
Badam Bağırova Hacı Bağırovun ikinci arvadı olub və onunla birgə nikahdan bir övladı var. Hacı Bağırov dünyasını dəyişsə də, hər iki qadın öz övladları ilə birgə eyni həyətdə yaşayıb.
Mərhum Badam Bağırovanın övladı noyabrın 13-də məktəbdən evə gəldikdən sonra anasını tapmayıb. O, axşama kimi anasını axtarıb və itkin düşməsi barədə polis əməkdaşlarına məlumat verib.
Axşam saatlarında Şamaxı rayon polis şöbəsinin əməkdaşları itkin Badam Bağırovanın meyitini yaşadığı evin həyətindəki köhnə su quyusundan, torpağın altından çıxararaq müayinə üçün Respublika Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə təhvil veriblər.
Qətli törədən Rəhim Bağırov saxlanılaraq istintaqa təhvil verilib. 8 il məhkumluq həyatı yaşayan Rəhim Bağırov qətli törətməmişdən bir neçə ay əvvəl həbsdən azad edilmişdi.
İstintaq orqanı onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham elan edilib.