17 Sentyabr 2018 12:15
2 371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın, Penitensiar xidmətin konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, kriminal aləmdə nüfuza malik Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyev, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakim köməkçisi Tofiq Canıyev ifadə verib.

Onun sözlərinə görə, qaçan dustaqların məhkəmədə iştirak etmədən geri qaytarılması ilə bağlı nə hakim, nə də özü tərəfindən göstəriş verilməyib.

Sonra şahid qismində Lənkəran müvəqqəti saxlanma təcridxanasının rəisi Əlişir Fərəcov dindirilib. O qeyd edib ki, hadisədən əvvəl dustaqların geri qaytarılması ilə bağlı ona məlumat gəlib: “Mənə dedilər ki, müəyyən səbəbdən Əli Ağami və Etibar Məmmədov məhkəməyə gətirilsə də geri qaytarılacaq. Mən də razılaşdım. Ancaq mən əmr verməmişəm ki, dustaqları qəbul etməyin”.

Sonra şahid Masallı Müvəqqəti Saxlanma Təcridxanasının rəisi Bəşir Bəşirovla üzləşdirilib və onlar çarpaz dindiriliblər. Bəşir Bəşirov isə qeyd edib ki, dustaqların qəbul edilməməsi ilə bağlı əmri Əlişir Fərəcov verib.

Prosesə sədrlik edən hakim deyib ki, şahidlərin bir-birinin əksinə ifadə verməsinə yekunda qərar qəbul edərkən qiymət veriləcək.

Məhkəmədə Lənkəran Polis Şöbəsinin rəisinin sabiq müavini Səadət Tağıyev də dindirilib. O deyib ki, məhkəmənin təxirə salınacağı barədə ona məlumat verilib: “Fədayə Laçın şöbəyə gələndə onu mən Əlişir Fərəcovun yanına apardım. Lakin onun üzərinə baxış keçirilmədi. Çünkü qadın olduğu üçün bunu etmədik”.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş "Qoca" ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.

Xidməti yoxlamanın ilkin nəticələrinə əsasən, vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.

Mühafizə altından qaçan Əli Ağami həbs olunub, Etibar Məmmədov isə əməliyyat zamanı zərərsizləşdirilərək öldürülüb.

Məlum olub ki, kriminal avtoritetlərin qaçmasında müğənni Fədayə Laçın, onun tanışı Günay Atakişiyeva da yaxından köməklik göstəriblər.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Həmçinin Pentensiar xidmətin vəzifəli əməkdaşlarına qarşı Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər