Stalinin “Böyük təmizlik” adını verdiyi müxalifətin kütləvi təmizlənməsi əməliyyatının baş cəlladı Vasili Bloxin 35 mindən çox insanı şəxsən qətlə yetirib.
Teleqraf.com İosif Stalinin baş cəlladının, çekist Bloxinin həyat yolu və fəaliyyəti haqqında məqaləni təqdim edir.
Tarixi mənbələr göstərir ki, Vasili Bloxin Stalinin “Böyük təmizlik” siyasətinin ən qaranlıq səhifəsinin ulduz simalarından biridir. Birbaşa Stalinin verdiyi göstəriş əsasında 700 polşalı zabiti tək başına qətl edib. Bununla da dünya tarixində rekorda imza atıb.
Bloxin 1895-ci ildə Rusiyanın Vladimirski quberniyasında, kasıb ailədə dünyaya göz açıb. Daha sonra ordu sıralarına daxil olub, I Dünya Müharibəsi zamanı Çar Rusiyasının ordusunda vuruşub. Hələ 1900-cu illərdən kommunizmə meyl edib və Sovet Rusiyasını qurmaq ideologiyasına münasibəti müsbət olub. 1921-ci ildə Mərkəzi Komitədə hər kəsin tanıdığı simaya çevrilib.
Barəsində müsbət danışılmasa da, onunla bağı şəxsi işdə xüsusi bacarığa malik olması vurğulanmasa da, Stalinin axtardığı cəllad standartlarına ən uyğun gələn şəxs olub. Qaranlıq və qəddar əmrləri həyata keçirəcək bir şəxs olduğu üzə çıxdıqdan sonra Stalinin şəxsi göstərişi ilə edam qruplarından birinin başına gətirilib. Stalinin qəddar siyasətinin qurbanlarını əsasən Moskvadakı Lubyanka həbsxanasında edam edib.
NKVD-nin komendantı olan Bloxin Stalindən gələn əmrləri sorğusuz yerinə yetirib. O, qurbanları sorğu-sual etmədən öldürürmüş. Onun adı ilə bilavasitə bağlı olan ən kütləvi qətliam 1939-cu ildə SSRİ-nin Polşanı işğalı zamanı baş verib. Bloxin 700 polşalı zabiti şəxsən özü öldürüb.
Arxiv materiallarına əsasən Bloxin qatili olacaq şəxslərin öldürülməsini təkbaşına planlayıb və bir ay müddətində hər gecə sorğuya almaq bəhanəsi ilə otağına gətirdiyi zabitləri "Walther PP" markalı alman tapançası ilə güllələyib. Kiçik bir otaqda baş verən güllələnmə proseduru da qəribə olub. Bloxinin başından güllələdiyi şəxsin cəsədi əməkdaşları tərəfindən dərhal otaqdan çıxarılıb, otaq təmizlənib və bir sonrakı güllələnmə dramı başlayıb. Bloxin bütün günahsız qurbanlarını gecə saatlarından dan yeri açılana qədər tapançanı başlarına dirəyərək güllələyib. Onun Polşada güllələdiyi 700 zabitin cəsədi meşə ərazisində kütləvi şəkildə basdırılıb.
Qəribədir ki, Stalinin baş cəlladının cinayətləri ortaya çıxan zaman istifadə olunan silahın alman istehsalı olması əsas gətirilərək cinayətlərin almanlar tərəfindən törədildiyi bildirilib. Onun yüzlərlə polşalı zabiti güllələməsi cinayəti ortaya çıxdıqda dünya ayağa qalxaraq bu cəlladın əməllərinə sərt reaksiya verib.
Rusiya mənbələri onun NKVD-də komendat rəisi işlədiyi 1926-1953-cü illər arasında şəxsən 35 min insanı güllələdiyini qeyd edir. Rus mənbələrə görə, Bloxin sonuncu dəfə 1953-cü ilin 2 martında - Stalinin ölümündən 3 gün əvvəl qurbanını güllələyib.
Onun cəlladlıq karyerasına marşal Tuxacevski Mixail Nikolaeviç, Birinci ranq komandan Yakir İona, məşhur sovet hərbçisi və siyasətçisi İeronim Petrovç Yboteviç, Mərkəzi Komitənin üzvü İvar Tenisoviç Smilqa, SSRİ-nin məşhur erməni diplomatı Karaxan Lev Mixailoviç, Ukrayna Mərkəzi Komitəsinin katibi Emmanuel Kvirinq, Ukrayna Mərkəzi Komitəsinin katibi Stanislav Kosior, sovet yazıçısı və publisisti Mixail Kolçov, dramaturq və ssenarist İsaak Babel və onlarla məşhur şəxsi qətl etməsi qara həriflərlə yazılıb.
Stalin cəlladı qiymətləndirərək 1941-ci ilə onu Qızıl Bayraq ordeni ilə təltif edib.
Stalinin ölümündən sonra gözdən düşən Bloxin üçün iş tapılmayıb. Çünki hakimiyyətə gələn Nikita Xyuruşov əsasən yumşalma siyasətinə keçib. Xuruşova Bloxin kimi cəlladlar lazım olmayıb. 1953-cü ildə vəzifəsini itirən cəllad 1955-ci ildə özünü güllələyərək intihar edib.