20 Sentyabr 2018 11:50
1 644
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Leyla Şıxlinskaya” Klinikasında baş mühasib işləmiş Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə dəymiş ziyanla bağlı ekspertiza rəyi elan edilib.

Rəyə görə, dəymiş ziyanın 56 min manat olduğu elan edilib. Hakim həmin zərərin ödənilməsi ilə bağlı onlara sual verib. Təqsirləndirilən şəxslər və müdafiəçiləri məhkəmədən vaxt istəyib.

Növbəti proses oktyabrın 4-də davam edəcək.

“Leyla Şıxlinskaya” Klinikasında baş mühasib işləyən Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayeva Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313- cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.

Cinayət işi Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Xatırladaq ki, “Leyla Şıxlinskaya” klinikasının keçmiş baş mühasibi Şəhla Abbasova 4 il əvvəl Leyla Şıxlinskaya ilə mübahisəyə görə işdən ayrılıb.

Leyla Şıxlinskaya hüquq-mühafizə orqanlarına müraciət edərək, keçmiş işçilərinin 804 min 343 manat vəsaiti ələ keçirməkdə ittiham edib.

“Leyla Şıxlinskaya” klinikasında aparılan araşdırmalar zamanı müəssisənin rəhbəri Leyla Şıxlinskayanın 8 milyon manat vergidən yayındığı aşkarlanıb. Hazırda Vergilər Nazirliyinin istintaq idarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov