Bakıda külli miqdarda dələduzluqda etməkdə təqsirli bilinən Əziz Əbdüləzizin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Əziz Əbdüləziz ifadə verməkdən imtina edib.
O deyib ki, bütün fikirləri və ifadələri vəkilində var və vəkil deyə bilər.
Hakim isə bildirib ki, vəkil təqsirləndirilən şəxsin yerinə ifadə verə bilməz.
Bundan sonra Əziz Əbdüləziz növbəti məhkəmə prosesində ifadə verəcəyini qeyd edib.
Daha sonra şahid qismində Ağasəf Quliyev ifadə verib.
O qeyd edib ki, özünün tikinti şirkəti var: “2013-cü ildə İxtiyarın ofisinə gəldim. Gördüm ki, qanı qaradı. Səbəbini soruşduqda, dedi ki, bir nəfərə gömrük işi ilə bağlı 325 min manat pul verib, lakin qaytarmayıb. Sonra biz İxtiyarla birlikdə Əziz müəllimin evinə gəldik, pulu istədik. Əziz müəllim də dedi ki, mənə vaxt 3 ay vaxt verin, pulu qaytaracam. Biz də razılaşdıq. Lakin 3 ay tamam oldu, yenə pul qaytarılmadı. Sonra yenə Əzizgilin evinə gəldik. İxtiyar ondan pulunu tələb etdi, aralarında mübahisə yarandı. Ancaq yenə də pulu qaytarmadılar”.
Təqsirləndirilən şəxs əlavə edib ki, bu iş üzrə şahidlər qondarmadır: “Bunların hamısı hazırlanmış şahidlərdir. Bütün qeydlərim vəkilimdə var. Səhhətimlə bağlı danışa bilmirəm. Xahiş edirəm ki, vəkilimə qulaq asın, onu eşidəndən sonra sizə hər şey aydın olacaq”.
Növbəti proses sentyabrın 27-də davam edəcək.
İttihama görə, Əziz Əbdüləziz aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tikinti işləri ilə məşğul olan tanışı, "ALFA LTD" şirkətinin rəhbəri İxtiyar Həsənova məktəb tikintisi işlərini tender yolu ilə alıb ona verəcəyinə dair yalan vəd verib.
Belə ki, o, İxtiyar Həsənovdan 2011-ci ildə 50 min manat pul alıb. Bu pulun 25 min manatını sonradan geri qaytarıb.
Xatırladaq ki, cinayət işi üzrə Azərbaycan televiziya rejissoru, ssenari müəllifi Arif Qazıyevin də adı şahid qismində keçir.