İran İslam Respublikasının vətəndaşı Mohtati Saman Nemat oğlunu öldürməkdə təqsirli bilinən Rəşidə Seydiyeva, Yunus Camallı, Natiq Babaverdiyev, Ceyhun Talıblı, Pərvin Əlməmmədov və Zahid Dünyamalıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Natiq Babaverdiyev 20 il, Yunus Camallı 20 il, Pərvin Əlməmmədov 14 il, Zahid Dünyamalıyev 12 il, Ceyhun Talıblı 20 il və Rəşidə Seyidova 4 il müddətinə azadlıqdan məhrum edilib.
Ev dustaqlığında olan Rəşidə Seyidova məhkəmə zalından həbs edilib.
Qeyd edək ki, prokuror Natiq Babaverdiyev və Yunus Camallının 20 il, Rəşidə Seydiyevanın 10 il, Pərvin Əlməmmədovun 15 il, Zahid Dünyamalıyevin isə 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, ötən il oktyabrın 12-də üzərində zorakılıq əlamətləri olan İran vətəndaşı Mohtati Saman Nemat oğlunun meyiti yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki evində aşkar olunub.
Bu barədə daxil olmuş məlumat əsasında şəhər prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb.
İstintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Yunus Camallı, Natiq Babaverdiyev, Ceyhun Talıblı, Pərvin Əlməmmədov və Zahid Dünyamalıyev tutulub.
Aparılmış ilkin istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, Yunus Camallı, Natiq Babaverdiyev, Ceyhun Talıblı, Pərvin Əlməmmədov və Zahid Dünyamalıyev quldurluq yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub oktyabrın 11-də gecə saat 4 radələrində mərhumun yaşadığı ünvana gəlib, evə qanunsuz daxil olaraq Saman Mohtatini qəsdən öldürüb, lakin evdən hər hansı bir əmlak əldə edə bilməyiblər.