Bakıda yanacaqdoldurma məntəqəsinə basqın etməkdə təqsirli bilinən Sərxan Mayilli və Niyaməddin Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Təqsirləndirilən şəxslərin hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən il dekabrın 18-də, gecə saat 5.00-da Xətai rayon ərazisindəki yanacaqdoldurma məntəqəsinə gələn iki naməlum maskalı şəxs oranın işçisi, İsmayıllı rayon sakini Mehman Cabbarovu hədələyib.
Onlar məntəqənin istirahət otağında dincələn Mehman Cabbarovu hədələyərək 552 manatını götürüblər.
Zərərçəkmiş quldurluq hadisəsi ilə bağlı Xətai rayon Polis İdarəsinin 37-ci bölməsinə müraciət edib.
Araşdırma zamanı basqınçıların Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Sərxan Mayilli və Kürdəmir rayon sakini Niyaməddin Mustafayev olduqları müəyyən edilib.
Hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.