26 Sentyabr 2018 11:56
2 733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hamilə qadının ölümündə təqsirli bilinən Elmi-Tədqiqat Mama-ginekologiya İnstitutunda anestezioloq-reanimatoloq işləmiş Cavanşir Aslanovun cinayət işinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Cavanşir Aslanov müqavilə ilə “Astoriya” tibbi mərkəzində anestezioloq-reanimatoloq vəzifəsində işləyən zaman laqeydlik və etinasızlıq edib.

O, 19 mart 2015-ci il tarixdə, saat 21 radələrində “Astoriya” tibbi mərkəzinə doğuşa qəbul edilmiş hamilə qadının həyati vacib orqanlarını yoxlamayıb və həmin gün saat 21:30-da qadının uşaq dünyaya gətirməsini həyata keçirib.

Nəticədə qadında olan xəstəliyin təsiri daha da artıb. Saat 22.07-də qadın hamilə vəziyyəti ağırlaşaraq onda qəfləti öskürək, ağızdan köpük gəlməsi və dodaqların göyərməsi kimi fəsadların baş verib.

Uşaq dünyaya gətirmək üçün hazırlaşan qadının mədə-bağırsaq sistemi mənfəzində təxminən 2 litr duru qan toplanaraq qanitirmənin baş verməsinə səbəb olub.

Nəticədə qadın martın 20-də saat 11.45-də ölüb.

İttihama görə, Cavanşir Aslanov uşaq dünyaya gətirən qadını ehtiyatsızlıqdan öldürüb.

İstintaq orqanı tərəfindən Cavanşir Aslanovun barəsində Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Yasamal rayon Məhkəməsinin hökmü ilə Cavanşir Aslanov 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Cavanşir Aslanov apelyasiya şikayəti verib. O, şikayətində qeyd edib ki, cinayət törətməsində təqsirli bilinməsinə dair kifayət qədər mötəbər sübut yoxdur. Bu baxımdan əməldə cinayət tərkibi olmadığından onun barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Cavanşir Aslanovun apelyasiya şikayəti təmin edilməyib.

Bu qərardan narazı qalan Cavanşir Aslanov kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Bu günlərdə hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan prosesdə Cavanşir Aslanovun kasasiya şikayətinin dəlilləri araşdırılıb.

Hakim heyəti sonda Cavanşir Aslanovun kasasiya şikayətini təmin etməyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər