26 Sentyabr 2018 12:30
1 485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 76 yaşlı qadının başına vuraraq 2000 manatlıq qızıl boyunbağısını ələ keçirən Abşeron rayon sakinləri İlkin Məlikov və Kamran Gəncimaliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Teleqraf.com xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində hakim Şeyda Məhərrəmovanın sədrliyi ilə baş tutan qapalı iclasda istintaq orqanının təqdimatı təmin olunub.

İlkin Məlikov və Kamran Gəncimalıyevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bu ilin sentyabrın 20-də Binəqədi rayonu Novxanı bağlar sahəsində yerləşən evlərdən birinə daxil olan iki maskalı şəxs orada yaşayan 76 yaşlı qadının başına taxta parçası ilə vuraraq onun 2000 manat dəyərindəki qızıl boyunbağısını götürüblər.

Məlumat daxil olan kimi dərhal Binəqədi rayon Polis idarəsində araşdırmalara başlanılıb.

“İsti” izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri İlkin Məlikov və Kamran Gəncimaliyev saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, zərərçəkən qadın İlkin Məlikovun qohumudur. O, dostu Kamran Gəncimalıyeva qohumunun evinə basqın etməyi məsləhət görəndən sonra birlikdə qeyd edilən hadisəni törədiblər.

İstintaq orqanı tərəfindən İlkin Məlikov və Kamran Gəncimaliyevin barəsində Cinayət Məcəlləsinin 181.2.3-ci (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə quldurluq törətmək), 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.

İstintaqa ifadə verən İlkin Məlikov və Kamran Gəncimaliyev törətdikləri cinayəti etiraf ediblər.

Təqsirləndirilən şəxs qismində ifadə verən İlkin Məlikov deyib ki, axşam saatlarında Kamran Gəncmalıyevlə birlikdə zərərçəkmişin yaşadığı bağ evinə giriblər: “Pusquda dayandığımız zaman qadınla ərinin evdə olduğunu gördük. Bir az sonra kişi evdən çıxdı, deyəsən, qonşuya keçdi. Birinci Kamran içəri girdi, daha bilmədim ki, içəridə nə etdi. Bu zaman qadın yerə yıxıldı. Yıxılanda səs-küy saldı.

Səs-küy salmaması üçün ağzından tutdum. Bu zaman başına-başına əlləri ilə vurmağa başladı. Sonra evi tərk etdik, maşına oturan zaman Kamran dedi ki, qadının boğazında olan qızılı götürmüşəm”.

İlkin Məlikovun sözlərinə görə, həmin qızıl sepi satmaq üçün paytaxtda olan qızıl dükanlarından birinə yollanıblar: “Orada həmin qızılı 1650 manata satdıq”.

Digər təqsirləndirilən Kamran Gəncmalıyev qeyd edib ki, evə daxil olan zaman üzlərinə maska taxıblar: “Tanınmamaq üçün üzümüzə maska taxdıq, sonra evə girdik. Əlimdə olan taxta parçası ilə qadını vurdum. Qadın yerə yıxıldı. O, başına-başına döyən zaman İlkin qadının üstündə oturdu, əli ilə ağzını tutdu. Mən isə boynunda olan qızıl boyunbağını götürdüm,evdən çıxdıq. Sonra "sep"i İlkinə verdim. İlkinin "sep"i nə etdiyini bilmirəm”.

Hazırda hər iki şəxsin barəsində istintaq hərəkətləri davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər