30 Sentyabr 2018 11:06
1 907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adam oğurluğunda təqsirləndirilən Turab Nağıyev, Şahmar Nağıyev və Altay Əliyev barələrində olan hökmdən apelyasiya şikayəti veriblər.

Teleqraf.com xəbər verir ki, dəstə üzvlərinin şikayətləri baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.

Şikayətin araşdırılması hakim Nazim Mövsümovun icraatına verilib.

Yaxın günlərdə şikayət üzrə məhkəmə araşdırması başlanacaq.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Turab Nağıyev 11 il, Altay Əliyev 10 il, Şahmar Nağıyev 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

İttihama görə, təqsirləndirilən şəxslər Pərviz Quliyevin və tanışlarının 2016-cı ilin yanvarında "Odlar Yurdu" Universitetindən külli miqdarda pul oğurladığını biliblər. Əldə olunmuş pullardan faydalanmaq məqsədilə Pərviz Quliyevə və digər dəstə üzvlərinə zəng edərək, polisə xəbər verməyəcəklərini söyləyib, bunun qarşılığında pul tələb ediblər.

Tələb rədd edildikdə onlar 2016-cı il martın 13-də kafedən çıxan Pərvizin qabağını kəsib, ona zor tətbiq etməklə Altay Əliyevin avtomobilinə mindiriblər. Pərvizi başqa kafeyə apararaq döyüblər, əldə etdiyi puldan onlara da verməli olduğunu bildiriblər.

Pərviz Quliyev pulu olmadığını dedikdə dəstə üzvləri 40 min manata təzə ev aldığını xatırladaraq həmin evi satmasını tələb ediblər.

Evi satan Pərviz Quliyev onlara əvvəl 15 min manat, daha sonra əlavə 3 min manat verib.

Xatırladaq ki, 2017-ci ilin martında Bakı Ağır Cinayətlər Məhkəməsində "Odlar Yurdu" Universitetinin birinci prorektoru Munir Vəliyevin iş otağından içərisində 429 min 722 manat olan seyfi oğurlamaqda ittiham olunan şəxslərə hökm oxunub.

Hökmə əsasən, Sübhan Ələkbərov 7 il, Pərviz Quliyev, Həzrət Məmmədov, Ramin Abbasovun hər biri 9 il, Vüqar Vəliyev isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər