Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Teleqraf.com xəbər verir ki, Sabirabad rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Qəmbərovun evindən çəkisi 8 kiloqram marixuana götürülüb.
Bundan başaq, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının Lənkəran şəhəri ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Məhəmməd Nəzərovdan 4 qrama yaxın, habelə şəhər ərazisindəki tikililərin birində gizlətdiyi yerdən əlavə 433 qr marixuana aşkarlanıb.
Daha bir əməliyyatı Baş Narkotiklərlə Mübarizə İdarəsi və Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları keçirib.
Rayon ərazisində birgə keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Adil Heydərovdan 465 qram marixuana aşkar edilib.
Bundan əlavə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşları tərəfindən Kotec qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mahir Qocayevdən 445 qram marixuana götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb.