Biləsuvar rayonunda toy mərasimində dava salmaqda ittiham olunan 1996-cı il təvəllüdlü Rəşad Heydərzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Rəşad Heydərzadə ötən il avqustun 23-də saat 20 radələrində dayısı İbiş İmanovun qızının toy məclisində dava salıb.
Hadisə Biləsuvar rayonunun Ağayrı kəndinə yerləşən “Okean” şadlıq sarayında baş verib. Rəşad toy məclisində heç bir əsaslı səbəb olmadan Mahir Hüseynovu nalayiq sözlərlə təhqir edib.
Daha sonra o, şüşə stəkanla Mahir Hüseynovun baş nahiyəsindən vurub. Mahir Hüseynov qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi xəsarəti alıb.
Bundan başqa, Rəşad Heydərzadə öz hərəkətləri ilə 5-10 dəqiqə ərzində toy məclisinin dayanmasınına səbəb olub, ətrafda olan vətəndaşlara narahatçılıq yaradıb.
Məlum olub ki, həmyerlilər arasında mübahisəyə səbəb pay torpağı ilə bağlıdır. Rəşad Heydərzadənin anasına məxsus torpaq sahəsində Mahir Hüseynov əkin əkib, amma əkin sahəsinə görə onlara az pul verib.
Bu səbəbdən Rəşadla Mahirin arasında əvvəllər dəfələrlə mübahisə olub. Sonuncu dəfə yenidən toyda eyni məsələ üstündə onların arasında mübahisə yaranıb.
Sərxoş olan Rəşad Mahiri təhqiredici ifadələrlə təhqir edib, sonra onların mübahisəsi davaya çevrilib.
İstintaq orqanı tərəfindən Rəşad Heydərzadənin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.
Biləsuvar rayon Məhkəməsinin hökmü ilə Rəşad Heydərzadə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bu hökmdən narazı qalan Rəşad Heydərzadə apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini xahiş edib.
Rəşad Heydərzadənin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsində hakim İsmayıl Əhmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Təqsirləndirilən şəxsin apelyasiya şikayəti qismən təmin olunub.
Məhkəmə Rəşad Heydərzadənin barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib. Onun barəsində təyin edilmiş 2 il 6 ay müddətinə həbs cəzası 1 il sınaq müddəti ilə şərti hesab edilib.
Rəşad Heydərzadənin barəsində olan həbs qətimkan tədbiri ləğv edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.