Bakıda hündürmərtəbəli bina tikən şirkətin rəhbərinə qarşı dələduzluqda təqsirli bilinən Aqşin Mirzəyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Qərara görə, Aqşin Mirzəyevin barəsində bəraət hökmünün çıxarılması barədə verdiyi apelyasiya şikayəti təmin olunmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqşin Mirzəyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Aqşin Mirzəyev “Luxe” MMC-də rəhbər şəxslərdən biri olan Asif Bədəlova qarşı dələduzluq edib.
Dövlət orqanları tərəfindən şirkətinin Nərimanov rayonunda tikdirdiyi hündürmərtəbəli binanın 17 və 18 mərtəbəsinin sökülməsi qərarı verilib.
Amma Aqşin Mirzeyev Asif Bədəlova şəxsi əlaqələri ilə həmin söküntü ilə bağlı çıxarılan qərarı dəyişdirəcəyinə vəd verib.
Bu aldatma yolu ilə o, Asif Bədəlovdan 100 min manat alıb.
Lakin verdiyi vədə əməl etməyərək, aldığı pulu ələ keçirib.
İstintaq orqanı tərəfindən Aqşin Mirzəyevin barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.