Tanınmış idmançı Fəridə Əzizovanın evindən oğurluq etməkdə təqsirli bilinən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Fəridə Əzizova çıxış edib.
Fəridə Əzizova bildirib ki, təqsirləndirilən şəxslərlə barışıq müqaviləsi imzalayıb. O, təqsirləndirilən şəxslər tərəfindən ona səkkiz min manat ödəniş edildiyini deyib: “Qalan məbləğin ödənilməsi üçün borc müqaviləsi imzaladıq. Buna görə hər hansı şikayətim yoxdur”.
Növbəti proses oktyabrın 17-də davam edəcək.
Qeyd edək ki, prokuror Nicat İsrafilovun 8 il 6 ay və Nərgiz Fərəcovanın 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prokuror zamində olan Nərgiz Fərəcovanın barəsində həbs qətimkan tədbirinin seçilməsini, onun məhkəmə zalından həbs edilməsini təklif edib.
İttihama görə, təqsirləndirilən şəxslər Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 35000 manat və 18800 dollar olan seyf oğurlayıb.
Fəridə Əzizova Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısıdır.
Nicat İsrafilov daha əvvəl məhkumluq həyatı yaşayıb.