Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Baş Prokurorluq birgə açıqlama yayıb.
Teleqraf.com-un xəbərinə görə, birgə açıqlamada qeyd olunur ki, oktyabrın 8-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Oğuz Meşəbəyiliyinin əməkdaşlarına zor tətbiq etməklə müqavimət göstərilməsi ilə bağlı daxil olmuş məlumat əsasında Oğuz rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalarla müəyyən edilib ki, qeyd edilən tarixdə saat 16 radələrində rayonun Calut kənd sakini Fəzail Həsənov idarə etdiyi avtomobillə qırıntı aparmaq üçün Oğuz meşəbəyiliyinin meşə dolayına gedib, həmin gün monitorinq aparıldığına görə meşə sahəsinə daxil olmasına icazə verməyən gözətçi Zahir Qılıncovun qanuni tələbinə tabe olmayaraq girişdə qoyulmuş şlaqbaumu avtomobillə vuraraq sındıraraqdan sonra oradan uzaqlaşıb.
Araşdırmalarla həmçinin, Fəzail Həsənovun avtomobillə kəndin mərkəzinə doğru irəlilədikdə qanun pozuntuzusunu sənədləşdirmək üçün hadisə yerinə gələn meşəbəyiliyin digər əməkdaşlarının avtomobillərinin qarşısını kəsib onların ünvanına nalayiq söyüşlər söyməsinə, eləcə də qohumu Azər Əlmərdanovla birlikdə əməkdaşlardan biri Vüqar Şəfiyevin bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə bir neçə dəfə zərbə vuraraq ona xəsarətlər yetirmələrinə şübhələr üçün əsaslar müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə müvafiq ekspertizalar təyin olunmuş, şahidlər dindirilmiş və digər istintaq hərəkətləri aparılıb.
F.Həsənov və A.Əlmərdanov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və barələrində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.