15 Oktyabr 2018 15:45
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala rayonunda vəzifəli şəxslərdən hədə-qorxu yolu ilə pul tələb edən orta məktəb müəlliminin daha bir əməli üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, Penitensiar Xidmətin və Şəki Penitensiar müəssisəsinin əməliyyat aparatlarının və Zaqatala rayon polis şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Qılman Mahmudovun həbs edilməmişdən əvvəl yaşadığı Zaqatala rayonu Çardaxlar kəndinin fərdi yaşayış evinin həyətində olan ot tayasının altında torpağa basdırılmış tüfəng aşkar edilərək götürülüb.

Qılman Mahmudov əvvəllər Cinayət Məcəlləsinin 182.2.2 maddəsi ilə ittiham olunub və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qılman Mahmudov 2016-cı ilin mart- may ayları ərzində özünün istifadəsində olan mobil nömrəyə quraşdırılmış telefondakı “WhatsApp” vasitəsi ilə əvvəldən tanıdığı Zaqatala rayon Məhkəməsində hakim köməkçisi vəzifəsində işləyən Elvin Əliyevə hədə qorxu gəlib.

Qılman Mahmudov Elvin Əliyevin istifadəsində olan “WhatsApp”a avtomat şəkli göndərməklə mətn hissəsində “biçəsiyəm” məzmunlu SMS yazıb, hədənin təsirini gücləndirmək üçün həmin ərəfədə profil şəklinə tapança və tüfənglə çəkilmiş fotoşəkillər qoyub.

Həmçinin onun barəsində Ədliyyə Nazirliyinə rüşvət almasına dair şikayətlər edib, haqqında rüsvayedici məlumatlar yaymaqla şərləyəcəyi ilə hədələyərək sonuncudan hədə-qorxu yolu ilə 1000 manat məbləğində pul tələb edib.

Bundan başqa, Qılman Mahmudov 2016-cı ilin iyul ayında təkrarən qanunsuz olaraq özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünün müəllim işlədiyi Zaqatala rayonunun Yuxarı Çardaxlar kənd orta məktəbinin direktoru vəzifəsini icra edən Ramin Qarayevin diplomunun saxta olması, hərbi biletinin olmaması, habelə sürücülük vəsiqəsi olmadan avtomobil idarə etməsi barədə hüquq-mühafizə orqanlarına məlumat verməklə haqqında rüsvayedici məlumatlar yayaraq işləməyə qoymayacağını bildirib, ondan hədə-qorxu ilə 500 manat məbləğində pul tələb edib.


Müəllif: Hacı Zeynalov