Bakının Nərimanov rayonunda qayınanasını öldürməkdə, arvadına ağır bədən xəsarəti yetirməkdə ittiham olunan Cəsarət İsgəndərovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Qərara görə, istintaq orqanını təqdimatı təmin edilib və Cəsarət İsgəndərovun barəsində olan həbs müddəti daha 2 ay artırılıb.
Qeyd edək ki, hadisə Nərimanov rayonunun Əliyar Əliyev küçəsi, 24 ünvanında qeydə alınıb.
Bakı şəhər sakini Cəsarət İsgəndərov qayınanası Fəhminə İsgəndərovanı ürəyindən bıçaqlayaraq öldürüb.
Daha sonra o, həyat yoldaşı Leyla İsgəndərovaya çoxsaylı bıçaq xəsarətləri yetirib.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, hadisə ailə münaqişəsi zəminində törədilib.
Avqustun 29-da, axşam saatlarında Leyla həyat yoldaşı ilə mübahisə edib.
Bunun eşidən Fəhminə qızını öz yaşadığı evlərinə çağırıb. Həyat yoldaşının ata evinə getdiyini eşidən Cəsarət İsgəndərov əsəbləşib və o da həmin evə yollanıb.
Orada mübahisə edən Cəsarət İsgəndərov sonda ağır cinayəti törədib.
Cinayəti törədən Cəsarət İsgəndərov hadisə yerindən qaçsa da, polisin keçirdiyi əməliyyat nəticəsində yaxalanması mümkün olub.
İstintaqa ifadə verən Cəsarət İsgəndərov hadisəni törədərkən sərxoş olduğunu deyib. O, əməlindən peşman olduğunu da söyləyib.
Cəsarət İsgəndərovla Leylanın birgə nikahlarından 3 aylıq qız övladları var.
Cəsarət İsgəndərovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxs qismində ifadə verən Cəsarət İsgəndərov törətdiyi cinayəti etiraf edib.
O, bildirib ki, bir neçə gün əvvəl arvadı ilə mübahisə edib, arvadı evdən gedib: “Mən onu evə aparmaq üçün arxasıca gəldim. Amma məni içəri buraxmadılar. Qayınanam dedi ki, qapını açma, içəri girməsin. Məndə məcbur qalaraq pəncərədən içəri girdim. Məqsədimi bilmədən mənim içəri girməyimə mane olmaq istədilər. Bəlkə barışmağa gəlmişdim”.
Hazırda Nərimanov rayon Prokurorluğunda istintaq araşdırması davam edir.