17 Oktyabr 2018 12:46
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda külli miqdarda mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinən Emin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Emin Quliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Bank Standard QSC Kommersiya Bankı İdarə Heyətinin sədri vəzifəsində işləmiş Kriman Səlim Eldaroviçin tapşırığı ilə məqsədli şəkildə yaradılmış Harvest MMC-nin təsisçisi və direktoru Emin Quliyev “Azərkarton” adlı şirkətin səhmlərinin 30%-nin alınması və tikinti işlərinin sonlandırılması təyinatı adı altında bir neçə müqavilə ilə Harvest MMC-yə həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş 10 milyon 749 min manat məbləğində təminatsız kredit vəsaitlərindən 3 milyon 91 min manatını onunla bölüb, şəxsi ehtiyaclarına xərcləyib.

Bundan başqa, Emin Quliyev Səlim Klimanla cinayətkar əlaqələrini davam etdirərək əvvəlcədən müqavilə öhdəliklərini yerinə yetirə bilməyəcəyi halda öz adına hər hansı bir girov qoyulmadan guya bağ evinin tikintisi təyinatı ilə 8 milyon 588 min manat məbləğində bir neçə kredit müqaviləsinin rəsmiləşdirilməsinə nail olub və həmin məbləği Səlim Krimanla öz aralarında bölüb.

Emin Quliyev Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunur.

Müəyyən edilib ki, Çudo Peçka və ÇP Aqro MMC-lərin təsisçisi Çingiz Cəlilov Bank Standard QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan yaxın qohumları və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olub.

Daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.

İstintaq dövründə aparılan araşdırmalardan sonra "Bank Standart"ın İdarə Heyətinin keçmiş sədri Heydər Orucov da həbs edilib.

Cinayət işləri ayrı-ayrı icraatlarda araşdırılır.

Çudo Peçka və ÇP Aqro MMC-lərin təsisçisi Çingiz Cəlilov və Bank Standart İdarə Heyətinin keçmiş sədri Heydər Orucovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Səlim Kriman ölkədən qaçdığı üçün axtarışa verilib.


Müəllif: Hacı Zeynalov