Bakıda qətl törətməkdə təqsirli bilinən Ağcabədi rayon sakini, 1991-ci il təvəllüdlü Amin Kazımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.
İttihama münasibət bildirən Amin Kazımov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, mərhum Yaşar Məmmədovu qətlə yetirməsinə səbəb aralarında yaranan münaqişə olub.
Amin Kazımov qeyd edib ki, avtomobilini onun obyektində yumamasına etiraz edib: “Bununla da arazmıda başladı. Dedim ki, cavan oğlanam, içəridən təzə çıxmışam, mənimlə işin olmasın. O bildirdi ki, gözüm aydın, səndən qorxmuram. Sonra yenə binaya gəldim, bu adam dedi ki, avtoritet, hardasan, niyə söhbətə gəlmədin. Sonra biz söhbət etmək üçün görüşdük. Görüşəndə, onun üzünə şillə vurdum, döyməyə başladım. Ətrafımızda olan adamlar bizi ayırdı. Ancaq mübahisə bununla bitmədi”.
Amin Kazımovun sözlərinə görə, mübahisə uzandığı üçün Yaşar Məmmədovu cəzalandırmaq qərarına gəlib: “Həmin günün axşamı bıçağı götürüb, onunla yenidən görüşməyə getdim. Məhəlləyə çatıb, onu kənara çəkdim. Dedim ki, Yaşar, məni söydüyünə görə, dostları çağıraq, onların yanında məndən üzr istə. O isə üzr istəməyəcəyini dedi. Əsəbləşib, onu birinci dəfə yumruqla vurdum, sonra isə bıçaqla 2-3 zərbə endirdim”.
Növbəti proses oktyabrın 24-də davam edəcək.
İttihama görə, bu il martın 4-də Amin Kazımov paytaxtın Nizami rayonu Qara Qarayev prospektində kirayə qaldığı evin qarşısında avtomobilin yuyulması üstündə 52 yaşlı Yaşar Məmmədovu qətlə yetirib.
Cinayəti törədən Amin Kazımov hadisədən sonra yaşadığı Ağcabədi rayonuna qaçıb. 25-ci polis bölməsinin əməkdaşları həmin şəxsi elə öz rayonlarında saxlayıb.
Qeyd edək ki, Amin Kazımov Yaşar Məmmədovu əvvəlcə döyüb, daha sonra üzərində olan bıçaqla ona 7 zərbə vuraraq qətlə yetirib. Çoxlu qan itirən yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Həmin hadisə ərazidəki təhlükəsizlik kamerasına da düşüb.
Hadisədən əvvəl qeyd edilən ünvanın qarşısında gözətçi işləyən Yaşar Məmmədov Amin Kazımova məhəllədə avtomobil yumasını irad tutub. Bu zaman tərəflər mübahisə edib.
Amin Kazımov ifadəsində bildirib ki, Yaşar Məmmədov onu söyüb. Hadisə də məhz həmin söyüş üstündə baş verib.
Amin Kazımovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 221.2.2 və 221.2.1-ci (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.