Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terror barədə bilə-bilə yalan məlumat verməkdə təqsirli bilinən Ceyhun Cəfərovun məhkəməsi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu ilin yanvarın 17-də Bakıda bəzi inzibati binalara partlayıcı yerləşdirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Qaynar telefon xəttinə zəng edən naməlum şəxs paytaxtın mərkəzindəki binalara partlayıcı yerləşdirildiyini bildirib.
Polis və xilasedicilər dərhal hərəkətə keçib və aparılan yoxlamalar zamanı məlumat təsdiqini tapmayıb. Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində polisə məlumat verən şəxsin Yasamal rayonu, İnşaatçılar prospekti 5 ünvanındakı Xəzər Dəniz Gəmiçiliyində məskunlaşmış məcburi köçkün, kəskin debillik ruhi xəstəliyindən əziyyət çəkən Ceyhun Cəfərov olması müəyyən edilib.
Ceyhun Cəfərov həbs edilib və onun barəsində Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə cinayət işi başlanıb. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Məhkəmə baxışı avqustun 28-də davam etdiriləcək.
Hacı Zeynalov